Ayxan Abbasov: “Şanslardan danışmaq istəmirəm” – Müsahibə

“Sumqayıt” komandasının baş məşqçisi Ayxan Abbasovun Komanda.az saytına müsahibəsi:

  • Türkiyənin “Keçiörengücü” komandası ilə yoxlama oyunu haqda fikirlərinizi bildirərdiz.
  • Türkiyədə ilk oyunumuz idi. Hər iki hissəyə fərqli heyətlə çıxdıq. Futbolçular ağır məşqlərdən sonra oyuna çıxmışdı. Komandada gümrahlıq o qədər də yaxşı deyil, bunu düzəltmək istəyirik. Mübarizəli oyun oldu. Səhvlərimiz var və bu, qaçılmaz olacaq. Gələcək oyunlarda səhvlərimizi azaltmağa çalışacağıq.
  • İki yoxlama oyununda da məğlub olduz. Komandanın problemlərini görə bilirsiz?
  • İstəməzdik ki, məğlub olaq. Ancaq yoxlama oyunlarında nəticə elə də vacib deyil. Çatışmazlıqlarımız var, normaldır. Heyətimizdə də dəyişikliklər olub. Çatışmazlıqları görürük. Qarşıdakı yoxlama oyunlarında və məşqlərdə çalışacağıq ki, komanda istədiyimiz formaya düşsün.
  • “Sumqayıt”la yeni müqavilə imzaladız. Ötən mövsümün sonunda rəhbərliklə görüşüb, şərtlərinizi bildirəcəyinizi demişdiz. İstəkləriniz qarşılanacaqmı?
  • Artıq üçüncü mövsüm olacaq ki, burda olacam. Bu, bizim üçün üstünlükdür. Rəhbərliklə müzakirələrimiz davam edəcək. İnşallah, bu mövsüm istədiyimiz komandanı, oyunu, nəticələri əldə edə biləcəyik.
  • Klubun transfer siyasətində dəyişiklik varmı?
  • Dəyişiklik yoxdur. Klubun öz yolu var, bu yol yenə davam edir.
  • Komandaya yeni futbolçular qoşulacaq?
  • Əlbəttə, axtarışlarımız davam edir. İstədiyimiz futbolçuları tapa bilsək, müqavilə bağlayacağıq.
  • “Sumqayıt” yoluna yenə legionersiz davam edəcək?
  • Bizdə legioner olmur, ancaq yerli və digər ölkələrdə çıxış edən azərbaycanlı futbolçuları transfer edirik. Bu günə kimi də etdiyimiz transferlərin bəhrəsini görmüşük. Axtarışlarımız yenə davam edəcək.
  • “Sumqayıt” Konfrans Liqasında Serbiyanın “Çukariçki” komandası ilə qarşılaşacaq. Rəqibiniz yoxlama oyunlarında güclü komandalara qalib gəlir. Serbləri təhlil etmisiz?
  • “Çukariçki”ni izləyirik. Yoxlama oyunlarında güclü rəqiblərə qarşı yaxşı oyun sərgiləyib, qələbə qazanırlar. Əlbəttə, rəqibimizi təhlil edirik, onların gücünü bilirik. Mübarizə aparacağıq. Rəqibin kimliyindən asılı olmayaraq, biz mübarizə aparacaqdıq. İndiki gündə mübarizə aparmasan, nəticə əldə edə bilməzsən.
  • “Sumqayıt”ın “Çukariçki” ilə oyunlarda mərhələ keçmə şansı nə qədərdir?
  • Şanslardan danışmaq istəmirəm. Müasir futbolda hər komandanın şansı var. Görürsüz ki, futbol necə dəyişir, inkişaf edir, müasirləşir. Bu gün hansısa oyundan əvvəl adlara görə favorit göstərmək olmur. Şansımızın nə qədər olduğunu deyə bilmərəm. Futbolçular oyuna yaxşı hazırlaşır, əhval-ruhiyyəmiz yaxşıdır. Futbolçularıma inanıram. Konfrans Liqasında nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button