
Simeone: “Bu cür oyun keçirə biləcəyimizi hiss edirdim”
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya kubokunun yarımfinal mərhələsində “Barselona” üzərində qazanılan 4:0 hesablı qələbəni şərh edib.
Madridlilər ilk hissə başa çatmamış dörd top fərqi ilə önə keçərək, oyunun taleyini böyük ölçüdə həll ediblər. İkinci yarıda isə üstünlüyü qorumağı bacarıblar.
Komanda.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında argentinalı çalışdırıcı nəticədən məmnunluğunu gizlətməyib:
“Azarkeşlərimiz üçün çox sevinirəm. Onlara belə oyunlar lazımdır, əsl çempionları görmək istəyirlər və biz bunun üçün əlimizdən gələni edirik. Belə hesabı əvvəlcədən görürdüm? Mən falçı deyiləm, amma komandama, ideyalarımıza inanıram. Bu cür oyun keçirə biləcəyimizi hiss edirdim. Məhz buna görə heyətdə dəyişikliklər etdik”.
Cavab qarşılaşması martın 3-də “Kamp Nou”da keçiriləcək.
Bizi Facebook-da izləyin



