Sayt rəhbərindən “Sumqayıt”ın prezidentinə: “Özünü “bomba oğlan” kimi göstərmə”

“Sumqayıt”ın prezidenti Riad Rəfiyevin jurnalistlər – “matc.az” saytının baş redaktoru İxtiyar Əsgərovu və “sports.az” saytının rəhbəri Anar Şabanoğlunu məhkəməyə verdiyini xəbər vermişdik.

Məhkəmə klub prezdentinin lehinə qərar çıxarandan sonra jurnalistlər Apellyasiya Məhkəməsinə müraciət etmişdi. Artıq Apellyasiya Məhkəməsi də başa çatıb. Komanda.az xəbər verir ki, bu barədə Əsgərov məlumat verib:

“Sumqayıt”ın prezidenti Rəfiyev Riadla təxminən il yarım davam edən məhkəmə çəkişməsi sona çatdı. Apellyasiya Məhkəməsi şikayətimizi təmin etmədi. Əslində, qərarla tam razılaşmasam da, çox dərinə getmək fikrim yoxdur. Çünki adam klub rəhbəri kimi uğurlu olmasa da, meydandan kənarda güclüdür, hər halda, özü də bunu dilə gətirmişdi.

Şəxsi fikrim budur ki, mən heç kimin şərəf və ləyaqətini alçaltmamışam, kiminsə işgüzar nüfuzuna xələl gətirməmişəm. Azərbaycan məhkəməsi elə hesab edirsə ki, mən Riadın şərəf və ləyaqətini alçaltmışam, onun işgüzar nüfuzuna xələl gətirmişəm və bunun da cəriməsi 1000 manatdır, deməli, boynumuz qanun qarşısında qıldan incədir.

Riad dünən “feysbuk” paylaşımında bizdən nəsə istəmədiyini, 1000 manat ummadığını yazıb. Sanki, iddia ərizələrində bizdən alacağı pulu kimsəsiz uşaq evinə, “Yaşat” Fonduna köçürəcəyini onlar yox, biz yazmışıq.

Başın haqqı, sənin 1000 manatına ehtiyacım yoxdur, minnəti özünə saxla. Təzminatdan niyə imtina etdiyini yaxşı bilirəm. Odur ki, publikaya oynayıb, özünü “bomba oğlan” kimi göstərmə. Çünki status yazmaqla, “yaxşı oğlan” olmaq mümkün deyil. Jest rəsmi olur, kiminsə redaktə etdiyi statusla yox. Qətnamə qüvvədə qalırsa, mən o təzminatı ödəməliyəm və ödəməyə də hazıram.

Riad canı, 1000 manat böyük məbləğ deyil, həmin “summa”nı ödəməklə zərrədək pis vəziyyətə düşmürəm. Mənə görə narahat olma!”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button