“Şamaxı”nın yaranma tarixi niyə 2022-ci il göstərilir? – açıqlama

Bir müddət əvvəl adını “Şamaxı” olaraq dəyişən “Keşlə” klubu özünün yeni loqosunu da təqdim edib. 

Komanda.az xəbər verir ki, son iki gündür sosial şəbəkədə yeni yaranan klubun loqosu və üzərində yaradılma tarixinin 2022-ci il göstərilməsi müzakirə edilir. Azarkeşlər və futbol mütəxəssisləri ən çox 2004-cü ildə yaradılan “İnter” klubunun varisi olan “Keşlə”nin ad dəyişməsi ilə yaradılış tarixini də dəyişməsini tənqid edirlər. Həmçinin “Şamaxı”nın 2022-ci ildə əsası qoyulduğu halda necə çempionatda oynadığı barədə sual verir. 

Məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov açıqlamasında bunları deyib:

“Burada qeyri-adi heç nə yoxdur. Klubun adını dəyişməsi ilə bağlı UEFA-ya bütün sənədləri göndərmişik. Qitə futbol qurumu da bunu təsdiq edib. Klubun yaradılma tarixi 2022-ci ildir. Bunu heç kəs dana bilməz axı. UEFA addəyişmə prosesində ən çox klubun borclarına baxır. Hər hansı futbolçuya və ya klubda işləmiş birinə borc olmadığı halda bu proses təsdiq olunur. “Şamaxı” futbol klubu “Keşlə”nin hüquqi olaraq varisi hesab edilir. Biz UEFA-ya formalarımızı da, loqomuzu da göndərmişik və təsdiq olunub”. 

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov isə  açıqlamasında heç bir qayda pozuntusunun olmadığını bildirib:

“Klub tərəfindən bizə sənədlər və loqo təqdim edildi. Biz də onları UEFA-ya göndərdik. Təsdiq edildi və klub “Şamaxı” adı ilə çıxış edəcək. Amma Ədliyyə Nazirliyində “Şamaxı” “Keşlə”nin hüququ varisi kimi qeydiyyatdan keçib. Ortada heç bir problem yoxdur”. 

“Keşlə” klubu 2004-cü ildə yaradılan “İnter” klubunun varisidir. “İnter” klubu da 1997-ci ildə yaradılan “Xəzər Universiteti” klubunun varisi olaraq göstərilir. “Şamaxı” klubun 4-cü adıdır. (Qafqazinfo)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button