
“Ola bilsin, “Liverpul”da dəyişməli olan məhz baş məşqçinin özüdür”
“Real”ın və Niderland millisinin sabiq yarımmüdafiəçisi Rafael van der Vart “Liverpul”un baş məşqçisi Arne Slotun transferlərlə bağlı açıqlamasını kəskin tənqid edib.
“Qırmızılar” UEFA Çempionlar Liqasından kənarlaşdıqdan sonra Slot yayda heyətin gücləndirilməsinə ehtiyac ola biləcəyini demişdi. Ancaq Van der Vart bu fikirlə qətiyyən razılaşmır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı keçmiş futbolçu bunun tamamilə absurd olduğunu söyləyib:
“Bu nə deməkdir ümumiyyətlə? Tamamilə absurddur. “Liverpul” 500 milyon avro xərcləyib, nəticədə nə əldə edib? İngiltərə kubokundan çıxıb, Liqa kubokunda uğursuz olub, Premyer Liqada istənilən nəticəni verməyib, Çempionlar Liqasında isə fiasko yaşayıb. Bu mövsüm artıq klub üçün böyük uğursuzluqdur.
Bütün bunlardan sonra Slot deyir ki, yeni oyunçular alıb hər şeyə yenidən başlamaq lazımdır? Məncə, problem oyunçularda deyil. Ola bilsin, dəyişməli olan məhz baş məşqçinin özüdür”.
“Liverpul” 1/4 finalın cavab matçında evdə PSJ-yə 0:2 hesabı ilə məğlub olub və iki oyunun nəticəsinə görə (0:4) turnirlə vidalaşıb.
Bizi Facebook-da izləyin



