“Sabah”ın sabahı var?

Natiq Muxtarlı

Bu mövsüm “Sabah” medallara əsas iddiaçılardan biridir. Yox, “tələbələr”in çempion olacağını güman etmirəm. Onların “Qarabağ” olmasına hələ xeyli var. Amma Masazır təmsilçisi çempionatda əməllicə rəqabət yaradacaq ki, buna da kimsə şübhə etmir.

“Sabah” rəhbərliyi bir neçə il uğursuz qərarların acısını yaşadı. Nəhayət ki, Murad Musayevin təyinatı ilə formalaşma yolunu tutdular.

Musayev qısa vaxtda “Sabah”da bəlli oyun sistemini tətbiq edə bilib. İndi “tələbələr”in də özünəxas oyun fəlsəfəsi var. Hər şey qaydasında getsə, növbəti yayda Azərbaycanı avrokuboklarda təmsil edəcək komandalardan biri “Sabah” olacaq.

Rəhbərlik də bu hədəfə köklənibsə, deməli, inkişaf üçün görülən işləri dayandırmaq olmaz. Komanda daha da təkmilləşməlidir. Heyətdə olan çatışmazlqılar qış transfer pəncərəsi zamanı aradan qaldırılmalıdır ki, “Sabah” avrokuboklara hazır olsun. Əks təqdirdə, “Neftçi” ilə “Zirə”nin aqibətini yaşamalı olacaq “tələbələr”.

Bu, “Sabah”ın görməli olduğu ilk işdir. Amma əsas iş deyil.

Əsas iş komandanın “B” planını hazırlamaqdır. Murad Musayevin “Sabah”la neçə illik anlaşdığını bilmirəm. Onun müqaviləsində hansı bəndlərin olduğundan da xəbərsizəm. Amma ona əminəm ki, o müqavilədə belə bir bənd var: Rusiyadan sərfəli təklif gələcəyi təqdirdə, “Sabah” Musayevi buraxacaq.

Lap o bənd olmasa belə, Musayev vətənindən sərfəli təklif alsa, Azərbaycandan getmək üçün hər vasitədən yararlanacaq.

“Sabah”ın sabit maliyyə mənbəyi var, komanda maddi çətinlik yaşamır. Qalır, “B” planını hazırlamaq. Bu plan ona görə lazımdır ki, Murad Musayev qəfil getmək istəsə, komandanın sistemi pozulmasın. Ona görə də, rəhbərlik bir yox, bir neçə ehtiyat variant işləməlidir. Musayev gedərsə, kimə güvənəcəklər? O mütəxəssis qurulan bünövrəni inkişaf etdirəcək, yoxsa dağıdacaq?

Bax, əsas problem budur. “Sabah” rəhbərliyi seyid cəddinə arxayın olan kimi, Musayevin “heç yerə getməyəcəyəm” vədinə (belə vəd olubsa) arxayın olmamalı, işini ehtiyatlı tutmalıdır. Ehtiyatlı olmalıdırlar ki, “Sabah”ın sabahı təhlükə altına düşməsin.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button