“Daş”ın “qaya”ya rast gəldiyi mövsüm: “Sabah” çempion ola bilər?

Cari mövsümdə Azərbaycan Premyer Liqasında qış çempionu kimi liderliyi ələ keçirən “Sabah” artıq nisbətən daha fərqli işlər görməyə başlayıb. Masazır təmsilçisi əvvəllər daha çox tələsik, qısa dövr üçün nəzərdə tutulan strategiyası ilə seçilirdi. Ancaq bu mövsüm rəhbərlik idarəetmə anlayışını dəyişib. Transfer siyasəti, futbolçularla müqavilələrin yenilənməsi və komandada özünü sübut edən oyunçuların icarə hüquqlarının alınması bunu açıq göstərir. Məsələn, Aron Maluda və Umarali Rahmonalıyev kimi icarədə olan oyunçuların transfer haqlarını almaqla klub həm komandanın sabitliyini təmin edib, həm də gələcək planlarını daha ciddi qurub. Onlarla yeni müqavilələrin bağlanması “Sabah”ın uzunmüddətli perspektivdə əsas rəqibləri ilə daha dayanıqlı mübarizə aparmaq istədiyini göstərir.

“Bayquşlar”ın yeni baş məşqçisi Valdas Dambrauskas mövsümün startında çox səriştəli addımlar atdı. Belə ki, o, gənc futbolçuları oyunlara düzgün cəlb etmək, taktiki balansı qorumaq və əsas oyunçuların motivasiyasını yüksək saxlamaq baxımından davamlı çalışdı. Hər dəfə mətbuat konfransında oyunçularının qalib gəlməsə belə, dominant futbol nümayiş etdirmələri üçün çalışdıqlarını vurğuladı. Və nəticədə, bu yanaşma komandanın qış çempionluğu statusunu şərtləndirdi. Artıq bir çox mütəxəssislər “Sabah”ı sadəcə qış mərhələsinin lideri kimi yox, mövsümün çempionluğu uğrunda real rəqib kimi qiymətləndirir.

Amma məsələnin digər tərəfi də var: “Qarabağ” amili. “Köhlən atlar” hər il çempionluğun əsas namizədi sayılır və bu mövsüm də istisna deyil. Hazırda Qurban Qurbanovun və komandasının diqqəti təbii ki, UEFA Çempionlar Liqasına yönəlib. Xüsusilə, Frankfurt “Ayntraxt”ı ilə Bakıdakı qarşılaşma onların mövsüm planında böyük rol oynaya bilər. “Qarabağ” Avropa arenasında daha uzun yol qət edərsə, ölkə çempionatına diqqəti bir qədər azala bilər və bu da “Sabah” üçün əlverişli situasiya yaradar. Həmçinin, ağdamlılar üçün çox çətin sayıla biləcək “Liverpul” səfəri də nəzərə alınmalıdır. Təbii ki, hər kəsin arzusu “Qarabağ”ın Avropa yolunun daha uzun olmasıdır, ölkə çempionatı ikinci planda olsa, da olar. Bundan Azərbaycan futbolu yalnız xeyir götürə bilər.

Və daha bir amil də ondan ibarətdir ki, qışa qədər “Qarabağ”ın aparıcı futbolçularına xarici klublardan təkliflər var idi. Bu da oyunçuların fikirlərini yayındırır, oyunlara düzgün köklənməsinə mane olurdu. Qış transer pəncərəsi bağlandıqdan sonra isə “köhlən atlar”ın artıq belə sıxıntısı olmayacaq, necə deyərlər, hər kəs sakitləşəcək. Bunu “Qarabağ” üçün vacib üstünlük saymaq olar.

“Sabah”ın perspektivi həm də taktiki cəhətdən güclü olması ilə bağlıdır. Komandanın oyun planı balanslıdır: hücumda sürət, müdafiədə isə sabitlik diqqət çəkir. “Sabah” Premyer Liqanın 16 turundan sonra hamıdan az – cəmi 9 qol buraxıb (“Qarabağ” isə ən çox qol vuran komandadır – 32 qol). Gənc və nisbətən yaşlı futbolçular Masazır komandasına həm enerji, həm də təcrübə qatır. Bu kombinasiya komandaya çempionluq üçün lazım olan davamlılığı təmin edir.

“Sabah” mövsümün ikinci yarısında da formasını qorusa, “Qarabağ”ın Çempionlar Liqasında başının qarışıq olmasını düzgün qiymətləndirsə, ölkə çempionatında üstünlük əldə edə bilər. Həmçinin, klub rəhbərliyi və məşqçi heyəti əvvəlki illərlə müqayisədə daha düşünülmüş addımlar atır. Futbolçuların motivasiyası, oyuna yanaşma, taktiki hazırlıq və transfer siyasəti komandanın çempionluğa ciddi namizəd olduğunu göstərir. Litvalı mütəxəssisin yetirmələrinin bu mövsüm göstərdiyi performans, klubun transfer strategiyası və məşqçi heyətinin hazırlığı “niyə də olmasın” sualını da ortaya çıxarır. “Qarabağ”ın Çempionlar Liqasına fokuslanmasını düşünsək, Masazır təmsilçisi üçün real şanslar daha da artır.

Nəticə etibarilə, “Sabah”ın bu mövsüm ölkə çempionu olması mümkündür. Komanda ən azı qış fasiləsinə kimi olan performansını davam etdirsə. Və “Qarabağ” “iki cəbhə”də hələ bir müddət də “döyüşməyə” davam etsə. İstənilən halda, son illərlə müqayisədə bu mövsüm artıq heç kim əminliklə “Qarabağ”ın yenə çempion olacağını deyə bilmir.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button