Ramin Quliyev “Sabah”ın növbəti mövsümdəki hədəflərindən danışdı – Müsahibə

“Sabah”ın baş məşqçisi Ramin Quliyevin Komanda.az saytına müsahibəsi:

  • Bir neçə gün əvvəl “Sabah”la iki illik müqavilə imzaladız. Bu haqda fikirlərinizi söyləyərdiz.
  • Bildiyiniz kimi, 2019-cu ildən “Sabah” klubundayam. Müxtəlif vəzifələri icra etmişəm. Artıq komandaya baş məşqçi təyin olunmağım məsuliyyəti artırır və klubun gələcək uğurlarında pay sahibi olmağa yeni imkanlar yaradır.
  • Klubda həm idman direktoru, həm də köməkçi məşqçi kimi çalışmışdız. Bu dəfə artıq baş məşqçisiz. Bu yüksəlişin sirri nədədir?
  • Daim harda, hansı mövqedə çalışmağımdan asılı olmayaraq, işimə tam məsuliyyətlə yanaşmışam. Rəhbərliyin mənə etimadını doğrultmaq və klub olaraq daha yüksək inkişaf pilləsinə qalxmaq üçün əlimdən gələni etməyə çalışacam.
  • “Sabah” ötən mövsümü 5-ci sırada bitirdi. Komandanın yeni mövsümdə əsas hədəfi nə olacaq?
  • “Sabah” artıq ölkə daxilində klub olaraq adından söz etdirməyi bacarıb. İstər göstərilən oyun, istərsə də futbol adına görülən işlər bunu sübut edur. Növbəti mövsümdə əsas hədəfimiz “Sabah”ın avrokuboklarda təmsil olunmasıdır. Bununla yanaşı, ölkə futboluna yeni istedadlar bəxş etmək əsas hədəflərimizdən biridir.
  • Yay transfer pəncərəsi dövrünün aktiv komandalarındansız. Amadu Diallo, Təmkin Xəlilzadə, Kevin Kubemba kimi komandanın aparıcı futbolçuları ilə vidalaşdız. Növbəti yolçu kim olacaq?
  • Mövsüm başa çatarkən hansısa futbolçu ilə vidalaşmaq normal haldır. Bəzilərinin müqaviləsi bitir, bəzilərinin də daha sərfəli təklifləri olur. Bəzi futbolçular da uyğunlaşa bilmir və istədiyi oyunu nümayiş etdirməkdə çətinlik çəkir, bundan sonra da komandasını dəyişir. Klub olaraq, yollarımızı ayırdığımız futbolçuların hər birinə göstərdikləri yanaşma və sərgilədikləri oyuna görə təşəkkürümüzü bildiririk.
  • Komandanı tərk edənlərin yerini doldurmaq çətin olmayacaq?
  • Təbii ki, yeni oyunçuların komandaya uyğunlaşması üçün zaman lazım olacaq. Lakin möhkəm və sağlam kollektivdə bu prosesin həyata keçməsi tez bir vaxtda mümkündür.
  • Təmkin Xəlilzadənin “Zirə”yə keçidini necə qarşılayırsız?
  • Təmkin bizim əsas oyunçularımızdan biri idi və Azərbaycan millisinin üzvüdür. Bizimlə çalışdığı zaman göstərdiyi peşəkarlıq və yanaşmaya görə yalnız xoş sözlər deyə bilərik. Ümid edirəm ki, gələcəkdə daha yaxşı oyun sərgiləyər və hər birimizi sevindirər. Bir daha ona gələcək karyerasında uğurlar arzulamaq istəyirəm.
  • İlk transferiniz “Zirə”dən Elvin Camalov oldu. Camalovun keçidi haqda nə deyə bilərsiz?
  • Elvin Camalov Azərbaycan milli komandasının da üzvüdür. Cavan və istəklidir. Daim meydanda əzmkar, mübariz oyun sərgiləyir. Əlavə olaraq, həm də yüksək insanı keyfiyyətlərə malikdir.
  • Yeni transferlər gözlənilirmi və hansı mövqelərə oyunçu istəyirsiz?
  • Bir baş məşqçi kimi hər bir mövqedə güclü futbolçunun olmasını istəyirəm. Bu gün heyətimizdə bir çox keyfiyyətli oyunçular var. Lakin rəqabəti artırmaq və bəzi mövqeləri daha da gücləndirmək üçün axtarışlarımız davam edir.
  • “Sabah”a hansı oyun fəlsəfəsini aşılamaq istəyirsiz? Ümumilikdə, yeni mövsümdə necə komanda görəcəyik?
  • “Sabah” hücum futbolu və əzmkar oyun nümayiş etdirəcək. Kənardan izləyənlərin baxımlı və sürətli futboldan zövq almalarını istəyirik.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button