
Dambrauskas: “Zirə” ilə oyunun taleyini kiçik detallar həll edəcək”
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Zirə” ilə Azərbaycan kubokunun final oyunundan öncə baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, litvalı mütəxəssis sabah keçiriləcək qarşılaşma haqda bunları deyib:
“Ardıcıl ikinci dəfə kubokun final oyununda iştirak edəcəyik. Bu, mənim üçün böyük şərəfdir. Belə vəziyyət hər bir ölkədə böyük bir şeydir. “Zirə”ni də təbrik edirəm ki, bura qədər gəlib çatıblar. Əlimizdən gələni edəcəyik. Azarkeşlərimizi də oyuna çağırıram. Biz keçən il kuboku qazanmışıq. Bu il də əlimizdən gələni edəcəyik. Mən istəyirəm ki, layiq olan qazansın.
Kubok oyunu mənim üçün böyük əhəmiyyət kəsb edir. Əvvəl də qeyd etdiyim kimi, bu, mənim komandam üçün tarixi uğurdur. Bu oyunda biz dram da görə bilərik.
Oyunçularımın yorğunluğu haqda nəsə deyə bilmərəm, amma kimə güvənə biləcəyimi yaxşı bilirəm.
Biz öz üzərimizdə necə təzyiq hiss edə bilərik? Mən belə suallara nifrət edirəm. Biz başqa şeylər haqda düşünmürük, hazırda yalnız bu oyun haqda fikirləşirik. Başqa şeylər haqda danışmağın mənası yoxdur. Yalnız özümüz öz üzərimizdə təzyiq hiss edirik. Öz oyunumuza köklənəcəyik, başqalarının taleyi bizi maraqlandırmır. Bu, fərqli duyğulardır. Keçmişdə qazanılan uğurlar keçmişdə qalır. Təcrübəni sən hər gün məşqlərdə əldə edirsən. Mənə görə, əlavə vaxt, əlavə şeylər səni baş məşqçi etmir. Mən sizə hər şeyi desəm, qarşıda heç bir maraq qalmayacaq.
Düzdür ki, “Zirə”yə qarşı hazırlaşmaq çətindir. Mən dəfələrlə onların oyununa baxmışam. Bu oyunun taleyini kiçik detallar həll edəcək. Oyunçuların necə hazırlaşması önəmli olacaq. Bizim hər zaman bir neçə planımız olur. İnanıram ki, üzərimizdə o qədər də təzyiq yoxdur. Yaxşı oyun sərgiləməyi düşünürük. Sabah istədiyimiz kimi oyun sərgiləsək, meydandakı ən yaxşı komanda biz olacağıq.
Bu ölkənin böyük futbol tarixi var, biz nəyisə dəyişdirə bilmərik. Mənim bu kubokun təşkilatçılarına da böyük hörmətim var. Onlar nəyi desə, biz də onu edirik. Mənə görə, statistikanın heç bir önəmi yoxdur. Bu, final oyunudur. Düşünürəm ki, keçmiş oyunların sabah keçiriləcək matça heç bir təsiri yoxdur. Biz Rəşad Sadıqovla (“Zirə”nin baş məşqçisi) bir-birimizi tanıyırıq. Oyunun gərgin keçəcəyini fikirləşirəm, çünki hər iki komanda qalib gəlmək istəyəcək. Biz də “Zirə”yə qarşı problem yaratmağa çalışacağıq. Bu, hər bir komandanın istəyidir ki, meydandakı rəqibinə problem yaratsın. Sabah kim az səhv etsə, o da oyundan qalib ayrılacaq”.
“Sabah” – “Zirə” matçı mayın 13-də, saat 20:00-da “Palms Sports Arena”da start götürəcək.
Nəzrin Kazımlı
Bizi Facebook-da izləyin



