“Məni inandıra bildilər, ona görə də “Şəfa”nı seçdim” – MÜSAHİBƏ

Mövsümün sonunda “Sabah”la yollarını ayıraraq “Şəfa”ya keçən Nicat Mehbalıyev Komanda.az saytına müsahibə verib. 25 yaşlı qapıçının müsahibəsini təqdim edirik:

– Altı il çıxış etdiyin “Sabah”dan ayrılmaq qərarını vermək sənin üçün nə dərəcədə çətin oldu? Bu qərarın verilməsində əsas amillər nələr idi?

– Altı ilin fonunda bir komandadan ayrılmaq çox çətin idi. Həqiqətən, o komandada böyük emosialı anlarımız olub. Ona görə çox götür-qoy etdim, çox düşündüm. Komandada qala da bilərdim. Sağ olsunlar, baş məşqçidən, rəhbərlikdən də təklif olundu ki, komandada qalım, amma oynamağım və inkişaf etməyim üçün klubu dəyişməli idim. Çətin qərar oldu. Bunu zaman göstərəcək, düzgün qərar idi yoxsa səhv. Ümid edirəm ki, düzgün qərar vermişəm.

– Daha əvvəl az oyun şansı qazandığını bildirmişdin. Səncə, “Sabah”da potensialını tam göstərə bildin?

– Xeyr, “Sabah”da potensialımı aça bilmədim. Bunun görünən tərəfləri də oldu, görünməyən tərəfləri də. Ona görə, düşünürəm ki, daha da yaxşı ola bilərdi və daha da yaxşı yerlərə gedib çata bilərdim. Amma nəyəsə görə peşmançılıq çəkmirəm. Belə olubsa, deməli, belə olmalı idi. Bu, futboldur, həyatdır. Bəzən bir uğurlu futbolçu komandasını dəyişəndə digərində uğursuz ola bilir. Bu, normaldır. Ona görə, daim irəli baxmaq lazımdır. “Sabah”a uğurlar arzulayıram, ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək. Ürəyimiz onlarladır.

– “Şəfa”nın layihəsinə inandığını söyləmisən. Bu layihədə səni ən çox cəlb edən məqam nə oldu?

– “Şəfa”da Zaur müəllimin (Zaur Həşimov – baş məşqçi) istəyi ilə Əfran müəllim (Əfran İsmayılov – vitse-prezident) məni bu komandaya dəvət edib. Görüşümüz, danışığımız oldu. Hər ikisi futboldan gəlmiş şəxslərdir. Fikirləri, layihələri məni çox cəlb etdi ki, yerli futbolçular daha çox olacaq. Yeni komandayıq, məqsədlər var, baza tikəcəyik, futbola yaxşı sərmayə qoyub, yaxşı işlər görmək istəyirik – məni inandıra bildilər. Ona görə, mən də “Şəfa”nı seçdim.

– Premyer Liqaya uzun fasilədən sonra qayıdan komandada çıxış etmək əlavə məsuliyyət yaradırmı? Komandadakı atmosfer və motivasiyanı necə qiymətləndirirsən?

– Həmişə 1-ci Liqadan elitaya qalxan komanda üçün birinci il çətin olur. Bilirsiz, bu, normaldır. Fərqli stadionlardan, fərqli keyfiyyətdən fərqli bir situasiyaya düşürsən. Ona görə, normal qarşılamaq lazımdır. Nə qədər çətin olsa da, nə qədər fərqlilik olsa da, “Şəfa”da işini bilən insanlar var. Futbolun hər bir çətinliyini, yaxşılığını və gözəlliyini bilən insanlar işləyir. Ona görə, düşünürəm ki, biz bunun öhdəsindən gələcəyik. Komandamızda yaxşı işlər gedir. Transferlər də olacaq. Normal komanda qurub, istədiyimiz yerlər uğrunda, “Şəfa”nın adını ucaltmaq üçün mübarizə aparacağıq.

– Daha əvvəl “Şəfa”nın əsas məqsədinin Premyer Liqada qalmaq olduğunu demisən. Səncə, komanda bununla kifayətlənməyib daha yüksək yerlər uğrunda mübarizə apara bilər?

– “Şəfa” elitaya yeni qalxıb. Desək ki, komanda birinci ilində çempion olacaq, bu, bir az inandırıcı olmaz. Amma təcrübə olaraq, bu il Premyer Liqada qalıb, düzdür, alınsa, avrokubok zonasına düşüb Avropaya getmək istərik. Təbii ki, bu bizim ən böyük arzumuzdur. Alınmasa da, bu il elitada qalıb, növbəti il üçün daha güclü, daha təcrübəli komanda olaraq, avrokuboklar üçün oynamaq olar. Niyə də yox? Mən buna tam inanıram. Çünki yenə deyirəm, “Şəfa”da komanda olaraq layihə çox ürəkaçandır, ümidvericidir. İnanıram ki, bütün arzularımız, istəklərimiz reallaşar.

– Karyeran ərzində “Qarabağ”, “Qəbələ”, “Sumqayıt”, “İnter” və “Sabah” kimi klublarda çıxış etmisən. Hansı klub və ya məşqçi qapıçı kimi inkişafına daha çox təsir göstərib?

– Karyeram ərzində bir çox komandalarda oynamışam. Amma mənim qapıçı kimi yetişməyimdə, əsas komandaya qalxmağımda və həm də insan kimi formalaşmağımda ən böyük rol Üzeyir Rəhmanovun olub. Həm “İnter”də (indiki “Şamaxı”), həm də millidə məşqçi olub. Düşünürəm ki, ən böyük rol Üzeyir müəllimin olub. Sizin vasitənizlə ona təşəkkür edirəm. Daha sonra bir çox qapıçı-məşqçilərlə işləmişəm. “Qarabağ”da Elxan müəllim, “Qəbələ”də Vüqar müəllim, “Sumqayıt”da Emin Babayev, həqiqətən, yaxşı məşqçilər olublar. Amma müqayisə aparsam, son dönəmlərdə “Sabah”da işlədiyim Yustinias Qasiyunası fərqləndirərəm. Həqiqətən, yüksək səviyyəli qapıçı-məşqçidir. Onu fərqləndirmək istəyərəm.

– Azərbaycan Premyer Liqasının hazırkı səviyyəsini necə dəyərləndirirsən?

– Mən həmişə legionerlərdən bunu soruşuram. Çünki onlar başqa çempionatlarda oynayıb gəlirlər, müqayisə etməyi bacarırlar. İnanın, hamısı mənə deyir ki, sizin liqanız çox çətindir. Gəlin belə baxaq, ötən mövsüm “Qarabağ” “Kəpəz”lə matçlarda iki dəfə xal itirdi. “İmişli” debütant idi, gəldi bizi (“Sabah”ı nəzərdə tutur) öz evimizdə uddu. Yəni, bunlar boşu-boşuna deyil. Həqiqətən, liqamızın yaxşı səviyyəsi var. İnfrastruktur olaraq, yaxşı meydançalar olsa, süni ot örtüyü yığışdırılsa, daha keyfiyyətli stadionlar olsa, daha da inkişaf edərik. Daha da irəli getmək olar. Belə olan halda, səviyyəli legionerlər də liqamıza təşrif buyurar. Düşünürəm ki, zamanla düzələcək, qaydasına düşəcək.

– Karyeranın bu mərhələsində özün üçün hansı şəxsi hədəflər müəyyənləşdirmisən?

– Futbolçunun arzusu nə ola bilər? Milli komandada oynasın, debüt etsin, öz klubunda uğurlu nəticə versin, Avropa liqalarında çıxış etsin. Mən də hamı kimi. İstəyərdim ki, milli komandada debüt edim, millinin yaxşı nəticələri üçün əlimdən gələni ortaya qoyum, avrokuboklarda oynayaq. İnanıram ki, bu arzularıma “Şəfa” ilə çatacam.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button