
“Sabah” “Lill”dən daha bir futbolçu transfer edir? – Rəsmi AÇIQLAMA
“Sabah” klubu Fransadan növbəti futbolçu transferini həyata keçirə bilər.
“Lill” klubunun vingeri Yunes Laşaabın adı Azərbaycan çempionu ilə hallanır.
Hücum xəttinin hər mövqeyində oynaya bilən, amma daha çox sol vinger kimi çıxış edən 21 yaşlı futbolçu hazırda Fransanın “National 3” (E qrupu) liqasında çıxış edən “Lill”in ehtiyat komandasının üzvüdür.
Laşaab həm Fransa, həm də Əlcəzair vətəndaşlığına malikdir. Onun dəyəri 50 000 avro olaraq qiymətləndirilir.
Futbolçu Liqa 1 heyətində deyil, Fransanın beşinci divizionunda çıxış edən “Lill”in ikinci komandasının üzvü sayılır.
“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov isə Komanda.az-a açıqlamasında Laşaabla bağlı xəbəri nə təsdiq, nə təkzib etdi:
“Hazırda yeni transfer həyata keçirilməyib. Hansısa transfer edilsə, bu barədə rəsmi səhifələrimiz vasitəsilə ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Keçidi baş tutsa, Laşaab “Sabah”ın “Lill”dən ilk transferi olmayacaq. Mövsümün əvvəlində icarə əsasında “Sabah”da çıxış edən Aaron Maluda ilə yanvar ayında dörd illik müqavilə imzalanıb.
Rəşad
Bizi Facebook-da izləyin



