“Sabah” baxışa 2 futbolçu çağırdı – bu gün meydana çıxacaqlar

“Sabah” klubu yeni mövsümə hazırlıqlarını Gürcüstanda davam etdirir.

Komanda.az xəbər verir ki, Gürcüstanda təlim-məşq toplanışında olan Premyer Liqa təmsilçisi toplanışa iki yeni futbolçu dəvət edib. Klubdan aldığımız məlumata görə, vinger İldar Ələkbərov və hücumçu Mixeil Ergemlidze toplanışa cəlb edilib. Futbolçuların performansları məşqçilər heyətini razı salsa, onlarla rəsmi müqavilə imzalanacaq.

Əslən azərbaycanlı olan İldar Ələkbərov son olaraq Rusiyanın “Nefteximik” klubunda çıxış edib. O, iyulun 1-dən azad agent statusu daşıyır. 20 yaşlı yarımmüdafiəçi daha əvvəl bu ölkədə “Stroqino”, “Dyuş Kolomyaq”, “Pskov-747” klublarında çıxış edib. Futbolçunun “transfermarkt”da dəyəri 125 min avrodur.

Mixeil Ergemlidze son olaraq Tbilisi “Dinamo”sunda çıxış edib. Bu klubun yetirməsi olan hücumçu ötən mövsümü icarə əsasında Türkiyənin “Adana Dəmirspor” klubunda top qovub. Ergemlidze Adana təmsilçisinin əsas komandası ilə matça çıxmayıb. Ergemlidze Gürcüstanın U-20 yığmasında bir oyuna çıxıb. Hazırda azad agent olan 21 yaşlı futbolçunun “transfermarkt”da dəyəri 125 min avrodur.

“Sabah” bu gün Gürcüstanın “Telavi” komandası ilə yoxlama oyunu keçirəcək. Hər iki futbolçunun bugünkü matçda meydana çıxması gözlənilir. “Sabah” – “Telavi” matçı saat 19:00-da start götürəcək.