Ayxan Abbasov: “Sabah” bu il güclü idi və layiq olduğu çempionluğu qazandı”

“Şamaxı” ilə yollarını ayıran Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov 2025/26 mövsümünü dəyərləndirib.

Komanda.az saytına açıqlama verən Abbasov, həm çempionluq uğrunda mübarizəyə, həm avrokuboklar yarışına, həm də Premyer Liqada qalmaq mövzusuna toxunub. O, həmçinin, Premyer Liqada artan rəqabətin Azərbaycan futbolunun inkişafına müsbət təsir göstərdiyini vurğulayıb:

“Düşünürəm ki, bu mövsüm Premyer Liqa yaxşı keçdi və bir az sonluq rəqabətsiz oldu. Bəlkə də, sona qədər rəqabətli getsəydi, azarkeşlər, klublar haqq edirdilər ki, intizarda qalsınlar. Həm avrokuboklara gedəcək komandalar, həm də çempionluq rəqabəti sona qədər haqq edirdi. Burda “Sabah”ın sona dörd tur qalmış çempion olması və “Qarabağ”la son oyunlar rəqabəti azaltdı. Ümumi götürsək, mövsümün əvvəlində həm “Araz-Naxçıvan”ın, “Sumqayıt”ın, həm də “Zirə”nin avrokuboklara getmək şansı çox idi. Gördük ki, “Araz-Naxçıvan”la “Sumqayıt” tab gətirə bilmədi. Amma “Zirə” sona qədər mübarizə apardı və ölkə kubokunun finalənda məğlub (1:2) oldu. Və son tura qədər avrokuboklar şansı var idi. Nə qədər rəqabətli olsa, bir o qədər yaxşı olacaq. 6-7 komandanın avrokuboklara oynaması yaxşı haldır. “Neftçi”ni qeyd etmək lazımdır. Son oyunlarda yaxşı çıxış etdilər və UEFA Konfrans Liqasına vəsiqə qazandılar.

Ümumi götürsək, Premyer Liqada qalmaq uğrunda mübarizə də sərt keçdi. Belə baxsaq, “Karvan-Yevlax”ın durumu bəlli idi. “Qəbələ” ilə “Kəpəz” isə pley-off-a qalmaq istəmirdilər. Burdan da “Kəpəz” qalib çıxdı. Amma “Qəbələ”nin heyətinə baxsaq, çempionatın əvvəlində deyə bilməzdik ki, pley-off-a qalacaqlar. Ona görə, mövsüm rəqabətli oldu və bir daha belə deyək, klublarımıza bir siqnaldır ki, çempionatımıza dırnaqarası yanaşmaq olmaz. Hansısa bir boşluq halında həm avrokuboklardan, həm mükafatçılar sırasından ola bilərsən və ya Premyer Liqada qalmaya bilərsən. İllərdir bunun şahidi oluruq”.

Abbasov, xüsusilə, “Sabah”ın son illərdəki inkişafını vurğulayaraq, Bakı klubunun bu mövsüm çempionluğu haqq etdiyini bildirib:

“Sabah” son vaxtlar sabit, inkişaf edən klublarımızdandır. Və bu bir daha digərlərinə örnək oldu ki, klub olaraq inkişaf etmək lazımdır. “Sabah” Şüvəlandakı təlim-məşq bazasını götürdükdən sonra bu, klubun nəticələrinə təsir göstərdi. Bu gün komandanın məşq etməsi üçün bütün şərait var. Yəni, onu demək istəyirəm ki, bu gün bəzi klublarımız təkcə oyunçu transfer etməklə sanki fikirləşirlər ki, bununla kifayətlənmək olar. Bu da hərdən uğurlu olur, avrokuboklara çıxırsan, sonra görürsən ki, ardını gətirmək olmur. Amma “Sabah” 3-4 ildir ard-arda iddialı olur. Ötən mövsüm ölkə kubokunu qazandılar, bu mövsüm çempionluq uğrunda “Qarabağ”la çox gözəl, belə deyək, gərgin mübarizə getdi. “Qarabağ”ın da haqqını vermək lazımdır ki, bu mövsüm UEFA Çempionlar Liqasında möhtəşəm idilər. Hər üç “cəbhə”də mübarizə aparırdılar. Bəlkə də, əvvəllər belə rəqabət olmadığına görə hər il çempion olurdular. Bu ilə rəqabət möhkəm oldu və bu, Azərbaycan futboluna xeyirdir. Bura “Neftçi”, “Zirə”, “Turan Tovuz” kimi digər iddialı klublarımız da qatılsa, yaxşı olar. Klub, şərait olaraq inkişaf etsələr, bundan Azərbaycan futbolu qazanacaq. Mən gözləyirdim, yəni, bu mövsüm həqiqətən çox yaxşı çıxış etdilər. Düzdür, avrokubokların startında o qədər də istədikləri oyunu sərgiləyə bilmədilər. Amma qışa qədər və qışdan sonra qarşılarını almaq çətin idi. Rəqib kimi hər bir komanda ilə qarşılaşırdım. Məncə, “Sabah” bu il güclü idi və layiq olduğu çempionluğu qazandı”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button