
Mircavadov: “Sabah” bu il Azərbaycanda böyük işlər gördü”
“Sabah” Azərbaycan kubokunun finalında dünən “Zirə”ni 2:1 hesabı ilə məğlub edərək, turnirin qalibi oldu. Cari mövsümdə ölkə çempionatında da sona dörd tur qalmış çempionluğunu rəsmiləşdirən “bayquşlar” bununla “qızıl dubl”a imza atdılar.
Masazır təmsilçisinin uğuru ilə bağlı AFFA Məşqçilər Komitəsinin üzvü və Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov Komanda.az-a açıqlama verib. Təcrübəli mütəxəssis “Sabah”ın bu mövsüm böyük işlər gördüyünü düşünür:
“Bu çox yaxşı haldır. Təbii ki, bütün mövsümü eyni səviyyədə çıxış etmək olmaz. Bu, məşqçinin qərarlarından asılıdır. Həmin hallarda oyunçuları başqaları ilə əvəz etməlisən. Elə də oldu. “Sabah” tempini saxladı, sürət, pressinq – hər şey var idi. Ortada yaxşı top saxladılar. Bu, vacibdir. Bu ardıcıllığı saxlamaq önəmlidir. “Sabah” bu il Azərbaycanda böyük işlər gördü. Onlara Avropada uğurlar arzulayıram.
Həm maliyyə cəhətdən, həm də oyunçuların inkişafı baxımından yaxşıdır. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram. İnkişaf üçün oyunçu da almaq lazımdır. Həm yerli, həm də əcnəbi oyunçuya ehtiyac olacaq. Yaddan çıxarmayaq ki, hazırlıq dövrü vacibdir. “Sabah” iyulun ya birinci, ya da ikinci on günlüyündə çıxış edəcək. Bunu yaddan çıxarmaq olmaz”.
Mircavadov cari mövsümdə yerli məşqçilərin uğur baxımından əcnəbilərdən geri qalmasına belə münasibət bildirdi:
“Yox, deməzdim ki, yerli məşqçilər əcnəbilərdən geri qalır. Əvvəllər yerli məşqçilər daha çox uğurlar əldə edirdi. İndi də elədir, “Qarabağ” son 10 ili çox gözəl oynayır. Həm Avropada, həm də Azərbaycanda. Yəni, bu, yerli məşqçidir (Qurban Qurbanovu nəzərdə tutur).
Cari mövsümü deyirsizsə, bilirsiz, əvvəl də bu var idi ki, klubun infrastrukturu və büdcəsi önəmlidir. Əvvəl də bu var idi. İndi isə bu amil daha çox önə çıxır. Keyfiyyətli oyunçu almaq lazımdır. Bunun üçün də imkanın olmalıdır. Uğur əldə etmək istəyirsənsə, bu, vacib amildir. Və bir də ki, oyunçularla çox işləmək lazımdır. O vaxtlar bizim belə imkanlarımız olmurdu. İnfrastruktur yaxşı deyildi, maliyyə cəhətdən çətinlik çəkirdik. Amma hazırda 4-5 klubun bazası var. Baza deyəndə, qayda belədir ki, futbolçunun işi futbol oynamaqdır, səhər gəlməli, axşam evə getməlidir. Bu, birmənalıdır. Bazası olmayan klubların – yəni, istirahət, yemək – bu kimi hallar olmadıqda ağır olur. Hətta iki dəfə məşq etmək də mümkün olmur. Hansı ki, oyunçular yol gedib gəlir. “Qarabağ”da, “Neftçi”də baza var. Səhv etmirəmsə, “Neftçi”də daha yaxşıdır. Yəni, hər şey infrastrukturdan başlayır. Aşağıdan başlamaq lazımdır, yuxarıdan yox. Bizdə yerli məşqçilər var, onların arxasında dayanmaq lazımdır”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



