“Sabah”ın ən dəyərlisinə çevrilən, “Barselona” ilə ÇL matçına çıxan Kamara – Yazı+Fotolar

“Sabah” klubu bir zamanlar “Barselona”da çıxış etmiş Xuan Kamaranı heyətinə qatıb.

27 yaşlı yarımmüdafiəçi 2021/22 mövsümünü icarə əsasında Azərbaycan klubunda keçirəcək. Kamara müqavilə ilə Polşa “Yagelloniya”sına məxsusdur.

1994-cü ildə İspaniyanın Əndəlüs vilayətinin Xaen əyalətində anadan olan Kamara, futbolçu karyerasına “Vilyarreal” klubunda başlayıb. 2006-cı ildən klubun akademiyasında top qovan yarımmüdafiəçi, 2011-ci ildə “Vilyarreal”ın C komandasına yüksəlir. O, bu komanda ilə ilk rəsmi matçına 2012-ci ildə çıxıb. İspan futbolçu “Deportivo” ilə keçirilən matçda 27 dəqiqə şans qazanıb.

2014-cü ilə qədər “Vilyarreal”da çıxış edən Kamara ümumilikdə 69 matçda 14 qola imza atıb. Bundan sonra yarımmüdafiəçinin növbəti ünvanı İspaniya nəhəngi “Barselona” olur.

Kataloniya təmsilçisinin B komandasında forma geyinən futbolçu, burda 2 il ərzində 61 oyunda iştirak edir. 12 qol, 8 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşən futbolçu zaman-zaman “Barselona”nın əsas komandasında oyunların heyətlərinə salınır. İşləri yolunda getməyən Kamara kataloniyalıların əsas komandasında möhkəmlənə bilmir və 2016-cı ildə icarəyə verilir.

2016/17 mövsümündə İspaniyanın “Jirona” və 2017/18-də “Reus Deportiu” klubunda çıxış edən Kamara, 2018-ci ilin yayında “Barselona” ilə vidalaşır. O, azad agent kimi Polşanın “Medz Leqniça” klubuna keçir.

2018/19 mövsümündə “Medz Leqniça” ilə 27 oyunda 2 qol vuran Kamara, “Yagelloniya”nın “radar”ına düşür və 200 min avro qarşılığında bu klubun yolunu tutur.

2019-cu ilin iyulunda “Yagelloniya”ya keçən futbolçu burda cəmi bir mövsüm çıxış edib. O, daha sonra Rumıniyanın “Dinamo” və “Universitatya Krayova” klublarına icarəyə verilib. Polşa klubunda möhkəmlənə bilməyən keçmiş “Barselona”lı indi isə icarə əsasında Azərbaycana – “Sabah”a gəlib.

Kamaranın “Dinamo”da mərkəz xəttinin yaxınlığından vurduğu qol

Kamara bir neçə mövqedə oynaya bilən futbolçudur. Sol cinah vingeri olan futbolçu, müdafiənin solunda, yarımmüdafiənin sağında və mərkəzində də oynamağı bacarır. Kamara karyerası ərzində sol cinah vingeri kimi 75 matçda 14 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb. Sağ cinahda isə 17 matçda 1 qol vurub, 1 məhsuldar ötürmə edə bilib.

İspan futbolçu ümumilikdə karyerası ərzində 243 matçda 34 qol vurub, 17 məhsuldar ötürmə edib. Matçlarda 29 dəfə sarı vərəqə ilə cəzalanan yarımmüdafiəçi, hələ qırmızı vərəqə almayıb.

Kamara “Barselona” ilə Çempionlar Liqasında bir oyuna çıxıb. O, 2015/16 mövsümündə Almaniyanın “Bayer” komandasına qarşı keçirilən oyunda (1:1) debüt edib və 16 dəqiqə şans qazanıb. O, ümumildə “Barselona”nın əsas komandası ilə üç oyuna çıxıb.

Kamaranın “transfermarkt”da hazırda dəyəri 600 min avrodur. Onun ən yüksək qiyməti 700 min avro olub (2016-cı il). İspan vinger hazırda “Sabah”ın heyətinin ən dəyərli futbolçusuna çevrilib.

Azərbaycan klubunun yeni transferi Kamaranın cəmi iki titulu var. Yarımmüdafiəçi “Barselona” ilə 2015/16 mövsümündə İspaniya kubokunu, 2020/21 mövsümündə isə “Krayova” ilə Rumıniya kubokunu qazanıb.

Kamara İspaniyanın U-17 yığmasında 5 oyun keçirib, lakin fərqlənə bilməyib.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button