Rüstəm Əhmədzadə: “De Byazi mənə görə narahat idi”

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadə formasını geyindiyi Ukraynanın “Minay” komandasının düşərgəsinə dönüb.

Komanda.az xəbər verir ki, o, millimizin heyətində DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirdikləri oyunlar barədə klubun rəsmi saytına açıqlama verib:

“Millinin düşərgəsindən qayıdandan sonra həm baş məşqçi, həm də futbolçular məni təbrik etdi. Xüsusi bir şey olmadı. Tez-tez azərbaycanlı azarkeşlər mənə yazırlar. Oyunlarımı izləyirlər. Düşünürəm ki, şans hər zaman var. Amma bunun üçün çox işləmək, meydanda bütün gücünü ortaya qoymaq lazımdır. Bu halda xal və ya xallar qazanmaq olar”.

21 yaşlı hücumçu millimizin baş məşqçisi Canni De Byazinin onun haqqında səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Onunla elə çox danışmadım. Sadəcə, mətbuat konfransında mənim haqqımda xoş sözlər deyib. De Byazi İrlandiya ilə matçda zədələndikdən sonra necə mübarizə apardığımı, ağrılara baxmayaraq, sürüşmə fəndi etdiyimi gördü. Komandam hesabda öndə olduğundan sonadək oynamaq lazım idi. Çünki əvəzetmə imkanımız da qalmamışdı. Buna görə məni tərifləyib. Deyib ki, bütün futbolçular belə oynamalıdır. Görünür, mübarizəm xoşuna gəlib. O, daha sonra yenidən mənimlə əlaqə saxladı, vəziyyətimi soruşdu. Mənə görə narahat idi. Komanda üçün lazım futbolçu olduğumu və mənə güvəndiyini bildirdi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button