Rusiyalı idmançı cəzalandırıldı – “Z” hərfinə görə

Rusiyalı gimnast İvan Kulyak bir il müddətinə bütün yarışlardan uzaqlaşdırılıb.

Komanda.az xəbər verir ki, bu barədə qərarı Gimnastika Etika Fondunun İntizam Komissiyası çıxarıb. Kulyakın cəzalanmasına səbəb Qətərin paytaxtı Dohadakı dünya kubokunun mərhələ yarışında baş vermiş insidentdir. Belə ki, idmançı paralel qollarla çıxışın yekununda mükafatlandırma mərasiminə sinəsində “Z” hərfi yazılmış geyimlə çıxıb.

Kulyakın nəticəsi ləğv edilib və o, bir il ərzində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) himayəsi altında keçirilən yarışlara və FIG-in üzvü olan federasiyaların təşkil etdiyi turnirlərə qatıla bilməyəcək. İdmançı 21 gün ərzində apellyasiya şikayəti vermək hüququna malikdir.

Ukraynaya hücum edən Rusiyanın müdafiə nazirliyinin verdiyi izahata əsasən, texnika üzərindəki “Z” yazısı “Za pobedu” (“Qələbə uğrunda”) mənasını verir.

Dohada Rusiya və Belarus idmançıları neytral statusda çıxış ediblər.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button