
“Real”ın futbolçularından psixoloji problemləri olan Arauxoya dəstək – FOTO
“Real”ın futbolçuları Dani Karvahal və Vinisius Junior İspaniya superkubokunun finalında “Barselona”ya qarşı oyundan (2:3) sonra rəqibin müdafiəçisi Ronald Arauxonun səhhəti ilə maraqlanıblar.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Vinisius ilk hissədən sonra, komandalar paltardəyişmə otağına yollanarkən Arauxoya yaxınlaşıb. Karvahal isə oyunun bitməsindən sonra uruqvaylı futbolçunun vəziyyəti ilə maraqlanıb.
Arauxo görüşün 93-cü dəqiqəsində əvəzetmədən meydana daxil olub. Bu, onun 25 noyabrdan sonra ilk oyunu olub. Bildirilir ki, futbolçu psixoloji problemlərlə əlaqədar məzuniyyət istəyib və bu səbəbdən bir müddət meydana çıxmayıb.
Arauxo mükafatlandırma mərasimində İspaniya superkubokunu başı üzərinə qaldırıb. “Barselona”nın futbolçuları komanda yoldaşlarını qucaqlarına alaraq havaya qaldırıblar.

Bizi Facebook-da izləyin



