“Real”dan ayrılan futbolçu “Sevilya”da

Bu yay İspaniyanın “Real” klubundan ayrılan İsko özünə yeni iş yeri tapıb.

Komanda.az xəbər verir ki, 30 yaşlı hücumameylli yarımmüdafiəçi bundan sonra “Sevilya”nın uğurları üçün çalışacaq.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. “Real”dan azad agent kimi ayrılan futbolçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb.

İsko peşəkar karyerasına “Valensiya”da başlayıb. 2011-ci ildə bu klubdan ayrılan yarımmüdafiəçi, “Malaqa”ya transfer olunub. İki il bu komandada forma geyinən futbolçu, 2013-cü ildən “Real”ın uğurları üçün çalışırdı. Təcrübəli futbolçu Madrid təmsilçisində keçirdiyi 9 mövsüm ərzində 353 oyuna çıxıb, 53 qol vurub, 56 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi İspaniya yığmasında 38 oyuna 12 qol vurub.