
Bu yer o yer deyil, Qurban bəy
Fəxri Rüstəmli
“Qarabağ” dünən Bakıda UEFA Çempionlar Liqasında elə bir məğlubiyyət aldı ki, (2:4, “Ayaks”) oyunun nəticəsindən çox, məğlubiyyətin səbəbləri müzakirə olundu.
Bəli, rəqib son illərin böhran içində çabalayan “Ayaks”ı idi. Hamıya “qapazaltı” olan komanda dünən Bakıda bizə “tərs şillə”sini göstərdi. Bunun özü bir dərddir. Amma başqa bir dərd bəlli bir futbolçunun – Nəriman Axundzadənin meydandakı görüntüsü idi.
Qurban Qurbanovun komandası oyuna yaxşı başladı, qol da vurdu. “Ayaks”ın ilk hissənin sonlarında hesabı bərabərləşdirməsi əlbəttə, mümkün ssenari idi: futbol budur, belə hallar olur. Ancaq ikinci hissənin startında “Qarabağ” yenidən matça qayıtdı, yenidən üstünlük qazandı, rəqibin qazandığı psixoloji üstünlüyü alt-üst etməyi bacardı. Bu, komandada xarakterin olduğunu bir daha göstərdi.
Ancaq oyunun ən önəmli anılarında meydana daxil olan bir futbolçu nəinki matçı stadiondan izləyən yerli azarkeşlərin, hətta ekran qarşısındakıların da kefini pozdu. Bəli, bu, Nəriman Axundzadə idi.
Qurban Qurbanovun istedadına inanıb-güvəndiyi Axundzadə komandanın oyun ritmini pozan, topu ayağının harası ilə qəbul etməyə çalışdığı bilinmədən müdafiədən hücuma keçidi ləngidən, top itkisi ilə rəqibin irəli atılmasına imkan verən oyunçuya çevrildi. O, nə templi mübarizədə var idi, nə də komandanın funksional yükünü daşıya bilirdi. Bu səviyyədə “boş gəzinti” isə bağışlanmır. Çempionlar Liqasının tempi başqa, məsuliyyəti başqa, ciddiyyəti tamam başqadır. Nəriman isə bu tempin, bu məsuliyyətin altında əzildi, yoxa çıxdı. Biz ekran qarşısında onun ayaqlarındakı “titrəşim modu”nu gördük, amma Qurban Qurbanov görmədi, ya da, görmək istəmədi.
Kim nə deyirsə-desin, məğlubiyyətin qırılma nöqtəsi məhz Axundzadənin meydandakı təsirsiz və məsuliyyətsiz görüntüsü idi. Qurban Qurbanov istedadları sevir, gənclərə şans verir, ola bilər. Amma bu yer o yer deyil, hörmətli Qurban hoca. Çempionlar Liqası nə “Kəpəz”in, nə də “Karvan-Yevlax”ın meydanıdır ki, gənc futbolçunun səhvini “təcrübə qazanır” deyə, görməzdən gələsən. Bu səviyyədə səhv komandanın taleyinə, hətta əldə ediləcək milyonlarla manat pula təsir edir.
Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə kimi yerli futbolçuların mövqeyi elədir ki, onlara müdafiəçi olaraq yaradıcılıq çox da lazım deyil. Onlara əzmkarlıq, mübarizə istəyi lazımdır ki, bunu da pis-yaxşı bacarırlar, edirlər. Nəriman isə hücumçudur. Hücumçu kreativ, yaradıcı olmalıdır. Axundzadadə nə kreativlik, nə də yaradıcılıq var. Fəlakət burasındadır ki, bu oğlanda heç əzmkarlıq, fədakarlıq da yoxdur. Və… Belə bir futbolçunun oyunun 57-ci dəqiqəsində meydanda nə işi var?
“Qarabağ” dünən nə “Ayaks”ın gücünə uduzdu, nə də oyunun tempinə. “Qarabağ” səhv seçimin güdazına getdi. O seçimi edən isə təəssüf ki, baş məşqçi idi…
Bizi Facebook-da izləyin



