Qurban Qurbanov: “Biz bilirik hara gedirik”

“Qarabağ” sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Nyukasl”ın qonağı olacaq.

Komanda.az xəbər verir ki, ingilislərlə oyundan bir gün əvvəl “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Qurbanov Bakıda təşkil olunan konfransda sabahkı matçla bağlı danışılacaq çox şey olmadığını deyib:

“Cavab oyununa çıxırıq. İlk nəticəyə görə bu haqda danışmaq asan deyil. Yəqin ki, ingilis jurnalistlər də bizi dinləyir.

Oyuna gəlincə, danışacaq çox şey yoxdur. Amma ümumən, belə pis hazırlaşmadıq, mübarizə apacağıq. Çalışacağıq ki, cavab oyununda özümüzü yaxşı tərəfdən göstərək.

Bu oyunda rəqib həddindən artıq hazırlıqlı idi. Ondan əvvəlki oyunlarında elə performanslı deyildilər. Son turlarda isə nisbətən formaya düşmüşdülər. İkinci hissədə paltardəyişmə otağında oyunçularla danışdıq. Ona görə də, bəlkə, biraz daha diqqətli oldular. Amma bu sistem, hansı ki, 1-5-4 sistemi məni cəlb edən sistemlərdən idi.

Belə hallar bizdə olub. Sadəcə, bu oyundan sonra bərpa olunmağa vaxt lazım idi. Mənə burdakı hazırlıq vacib idi. Bizimlə oynamağa gələn rəqiblərin də belə planları olub. Orada (İngiltərədə) sabah səhər məşqimiz olacaq. Vaxt baxımından belə varianta əl atdıq.

Mərkəz müdafiəçisi mövqeyi ilə bağlı isə, kim daha hazırlıqlı olarsa, o da meydana çıxacaq.

Toral Bayramovun penalti epizodunda gülməsinə qaldıqda isə, ola bilər ki, həmin ana kimi hansısa başqa nəyisə müzakirə edib gülürdülər. Amma istənilən halda, ona fikrimi bildirdim.

“Neftçi” rəhbərliyinə bir daha təşəkkür edirəm, hansı ki, ikinci xahişimizdən sonra (“Neftçi” – “Qarabağ” matçının təxirə salınması) belə qərar verdilər. Nəticəni qabaqcadan biz hardan bilərdik? Rəqibin adı bəlli, çıxış etdiy çempionat bəlli. Biz sadəcə bu oyuna daha yaxşı hazırlaşmaq üçün belə addım atdıq. Bizim onlarla hazırlığımız müqayisəolunmazdır. Onlar illərlə belə hallarla rastlaşıb. Bizim o qədər problemlərimiz var ki, xırdalıqlara getmək istəmirəm. Məncə, çox da müzakirə olunası bir məsələ deyil.

Ayxan Abbasov maraqlı açıqlama verib (gülür). Mən meydançanı demişdim (“Şamaxı”nın stadionunun ot örtüyü haqda), o qapıları bildirib. Şərhim yoxdur, fikir bildirməyəcəm”.

Baş məşqçi “Nyukasl”a matçda zədə alan Bəhlul Mustafazadənin durumu haqda da danışıb:

“Bəhlul Mustafazadənin zədəsi üzücüdür. Mövsüm demək olar ki, onun üçün başa çatıb. Belə zədələr qaçılmazdır”.

Qurbanov yeni transferlərin olacağına da işarə edib:

“Ümumi desəm, bütün mövqelərə oyunçu axtarırıq. Qarşıda vaxtımız var və xeyli sayda transfer etmək istəyirik. Axtarışdayıq.

Hazırda fikrimdə ancaq “Nyukasl”dır. “Sabah”la oyunu düşünmürük. Reallığa baxsaq, bəli, yaxşı nəticə gözləmirik. Həmişə demişəm, bu səviyyədə oyunlardan həzz almaq lazımdır. Bu gün biz baxsaq, 1/8-də beş komanda gözləyir və altıncı “Nyukasl”dır. Bu da İngiltərə çempionatının səviyyəsinin göstəricisidir. Ona görə, biz bilirik hara gedirik. Bugünkü uğura biz yıxıla-yıxıla çatmışıq. Ona görə də, yalnız bu oyuna fokuslanmışıq. Ondan sonra isə vaxtımız olacaq.

Builki nəticələrə baxsaq, çox yaxşı nailiyyətimiz oldu. 10 xal topladıq və həqiqətən, böyük uğurdur. Hansısa oyunda məğlub olduqda neqativ fikirlər yayılırdı. Futbol ona görə sevilir, ona görə dünyada birinci plandadır. Gözləntiləri bilirik. Ona görə də, bizə dayanmaq olmaz”.

“Qarabağ” Bakıda keçirilən ilk qarşılaşmada 1:6 hesabı ilə məğlub olub. Cavab matçı sabah saat 00:00-da İngiltərədə start götürəcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button