Qurban Qurbanov: “Bəhlulun vurduğu qola görə bütün səhvlərini bağışlamaq olar”

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 7-ci turunda Frankfurt “Ayntraxt”ını qəbul edib.

Komanda.az xəbər verir ki, 3:2 hesabı ilə qalib gələn “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun oyundan sonra mətbuat konfransı keçirilib. Qurbanov matçla bağlı bunları bildirib:

“İlk olaraq azarkeşlərimizi təbrik edirəm. Həqiqətən də, bu qələbə onların haqqı idi. Bəlkə də, bizdən daha çox onlar istəyirdilər. Futbolçularımı təbrik edirəm. Meydanda çox əziyyət çəkdilər. Sona kimi mübarizə apardılar. Çox sevindim.

Möcüzə deyəndə ku, bu cür qələbələrə inanıram. Dünya praktikasında da bunu görmüşük. Hansı ki, zəyif sayılan komandalar güclülərə qalib gəlib. Bu cür hallara inanıram.

Türkiyədəki təlim-məşq toplanışından sonra da bildirmişdim ki, yaxşı hazırlıq keçmişdik. Sadəcə, demişdim ki, əlavə bir oyun da oynasaydıq, yaxşı olardı. Bu gün sevindirici haldır ki, üç qol vurduq. Razı qaldığım oyun keyfiyyətimizi bu gün daha da yaxşılaşdırırıq.

İngiltərəyə inamlı gedəcəyək. Ümumən, bütün komandalara o stadionda oynamaq asan deyil. Futbolçularıma çəkinmədən oynamağı tapşıracam. “Liverpul”un azarkeşləri çox çılğındır, deyərdim ki, ən davakar azarkeşlərdir. Amma istənilən halda, öz oyunumuzu orda da nümayiş etdirməyə çalışacağıq.

Futbol xəta oyunudur. Bəhlulun (Mustafazadə) səhvini bağışlamaq olar (gülür). Səhvlər çox vaxt müdafiəçilər tərəfindən törədilir. Onun da bəxti gətirməyib müdafiəçi olub. Amma vurduğu qola görə indiyə kimi bütün səhvlərini bağışlamaq olar.

Futbolumuz var, sadəcə, daha da yaxşı inkişaf etdirmək olar. Addım-addım, pillə-pillə inkişaf etməliyik. Belə qələbələrin olması, böyük klubların bura gəlməsi futbolu azarkeşlərə sevindirir. Belə olan halda azarkeşlərimiz stadionlara gəlir. “Barselona” kimi komandalarla eyni sıralarda olmaq, eyni xalı toplamaq sevindirici məqamdır. Belə oyunlarda bizim öz oyun sistemimiz olmalıdır. Rəqibdəki dəyişikliklərdən asılı olmamalıyıq. Öz oyunumuz olmalıdır və öz oyunumuzla qələbə qazanmalıyıq.

Elvin Cəfərquliyev yorulduğunu bildirdi, ona görə dəyişilməsini iatəyirdi. Mən də bur az fərqli cavab verdim. Joni Montielə gəldikdə isə, o hələ tam hazır deyil. Bu cür oyunlarda az çıxış etdiyi üçün onun bərpası bir az uzun çəkəcək.

Belə oyunlardan sonra “çatışmazlığımız az olsun” demək düzgün olmaz. Abdullah Zubirin çıxışından çox razı qaldım. Topla ən çox oynuyan oyunçu o idi. Kadi Borgesə gəlincə, “Liverpul”la matça kimi hazır olmayacaq.

Azərbaycan futbolu, xalqı üçün nə etmişəm deyə, belə bir fikrim yoxdur. Sadəcə, həmişə düşünmüşəm ki, üzərimə nə düşürsə, onu layiqincə yerinə yetirməliyəm. Bu mənim borcumdur.

Bu gün Elvinin ən intizamlı, ən yaxşı oyunlarından biri idi. Çox vaxt olurdu ki, müdafiədə səhvlər edirdi. Hücumlara o qədər cəsarətli çıxırdı ki, görürdün ki, geriyə qayıtmağa çatdırmırdı. Amma bu gün onu ən təcrübəli oyunçu kimi gördüm.

İnanın ki, heç istəmərəm məni tərifləsinlər. Sadəcə, öz işimi görürəm. Üzərimə düşəni etməyə çalışıram. Tərif olunmağımı da istəmirəm. Bəzən görürsən insan həyatda, işində elə səhvə yol verir ki, o təriflər hamısı itib-batır. Bir sözlə, tərif istəmirəm.

Elə bir komanda yoxdur ki, son dəqiqələrdə qol vurub sevinməsin. Öz oyunumuzla qalib gələrək, fərqi yoxdur, əvvəldə vurub qalib gəldik, yoxsa sonda. Əsas odur ki, öz oyun üslubumuz olsun. Yaxşı oyunla qalib gəlmək böyük bir üstünlükdür.

Görünən odur ki, daha çox əziyyət çəkməli olacağıq. Çünki hələ ki, qrafikimiz sıxdır. “Sabah” bu gün çox yaxşı performans göstərir. “Neftçi”də dəyişiklik olub, digər komandalarımız da güclənib. Narahatçılığımız var və bu varsa, deməli, daha da məsuliyyətli olmalıyıq.

Məşqlərdə daha çox çalışmalıyıq. Digər tərəfdən, futbolçuların sağlamlığı çox vacibdir. Vacib oyunlar olub ki, rotasiyalar etməli olmuşuq. Futbolçular daim 90 dəqiqə oynamaq istəyir. Amma bəzən bu alınmır. Buna görə də, bizim üçün onların sağlalamlığı çox vacibdir”.

“Qarabağ” bu mərhələnin son turunda səfərdə “Liverpul”la qarşılaşacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button