“Qarabağ”lıları “aldadan” Reynaldo

Qış transfer dövründə “Qarabağ”ın heyətinə qatdığı futbolçulardan biri də Reynaldo dos Santos Silva idi. “Köhlən atlar” vaxtı ilə vurduğu qollarla, sərgilədiyi oyunla azarkeşlərinin ürəyində taxt quran “sambaçı”nı geri qaytarmaqla, hücum xəttini gücləndirməyi düşünürdü. Qazaxıstanın “Aktobe” klubunda macərası başa çatan Reynaldo yenidən “Qarabağ”a qovuşdu və…

Artıq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da, bu komandanın azarkeşləri də Reynaldonun əvvəlki futbolçu olmadığının fərqinə varıblar. Bakıda keçirilən oyunda “Zalsburq”un, Almaniyada Frankfurt “Ayntraxt”ının qapısına möhtəşəm qollar vuran həmin Reynaldodan əsər-əlamət yoxdur.

Braziliyalı hücumçunun qış fasiləsində qoşulduğu “Qarabağ”da meydana çıxdığı və çıxmadığı oyunlara baxanda, ona verilən şansdan istifadə etmədiyi açıq-aşkar görünür. Gəlin, baxaq.

Reynaldo yenidən sıralarına qayıtdığı “köhlən atlar”ın heyətində meydana ilk dəfə Azərbaycan Premyer Liqasının 16-cı turunda, “Sumqayıt”la görüşdə çıxıb. O, 80-ci dəqiqədə oyuna qoşulub.

17-ci turun “Qəbələ” ilə oyununda isə Qurban Qurbanov “sambaçı”ya 78-ci dəqiqədən etibarən şans verib.

Nəhayət, 18-ci turun “Sabah”la qarşılaşmasında Reynaldo start heyətində meydana çıxır. Amma… 64-cü dəqiqədə əvəzlənir.

20-ci tur isə braziliyalı üçün “Qarabağ” forması geyinib meydana çıxdığı son tur olur. O, “Zirə” ilə görüşdə start heyətində yer alır və 46-cı dəqiqədə əvəzlənir… Vəssalam. 20-ci turdan sonra keçirilən oyunların heç birində Reynaldo meydana çıxmayıb. Onun adı ya oyunun iştirak ərizəsinə salınmayıb, ya da axıradək ehtiyatda qalıb.

İndi Reynaldo “Tottenhem” futbolçularına qarşı mübarizə apardığı o günlərdən, o formadan çox uzaqdadır

Bəli, artıq bəlli olan bir şey var: Reynaldo həmin Reynaldo deyil. Qurban Qurbanovun bir vaxtlar vurduğu qollarla, ötürmələrlə, göstərdiyi oyunla “Qarabağ”a qələbələr qazandıran futbolçuya nə qədər şans verəcəyini bilmirik. Bəlkə, mövsümün sonunda “sambaçı” ilə yollar ayrılacaq, bəlkə, əksinə olacaq, Reynaldo toparlanacaq və yenə… Bunu zaman göstərəcək. İndi isə görünən sadəcə budur: bu futbolçu o futbolçu deyil.

Komanda.az

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button