
Çempionluq oyunu: “Sabah”la matçdan əvvəl “Qarabağ”da ruh düşkünlüyü hiss olunur
“Qarabağ” Azərbaycan Premyer Liqasının 28-ci turunda “Sabah”la üz-üzə gələcək. Aprelin 18-də keçiriləcək bu qarşılaşma Ağdam təmsilçisi üçün çempionluq yolunda demək olar ki, son fürsət hesab olunur. “Köhlən atlar” bu oyunda qələbə qazana bilməsə, böyük ehtimalla, titul uğrunda mübarizədən kənarda qalacaq.
“Sabah” son turlarda sabit çıxışı ilə diqqət çəkir. “Bayquşlar” 22-ci turda məhz “Qarabağ”la heç-heçə etdikləri oyunda (3:3) xal itirmiş, daha sonra ondan əvvəlki uğurlu seriyanı davam etdirmişdi. Masazır təmsilçisi “Qarabağ”la oyundan əvvəl və sonra ümumilikdə 13 oyun idi ki, xal itirmirdi. Yalnız ötən həftə öz meydanında “Zirə” ilə 2:2 hesablı heç-heçə bu gedişata fasilə verdi. Ancaq “Qarabağ” bundan yararlana bilmədi. Qurban Qurbanovun komandası səfərdə “Şamaxı” ilə qolsuz bərabərə qalaraq, vacib xallar itirdi və fərqi azaltmaq şansını əldən verdi.
Halbuki “Şamaxı” səddi keçilsəydi, “Qarabağ” növbəti turda “Sabah”ı məğlub etməklə yanaşı, təxirə salınmış “Neftçi” ilə oyunun potensial 3 xalı ilə fərqi minimuma endirə bilərdi. Daha sonra isə qalan turlarda maksimum nəticə qazanaraq, rəqibin mümkün xal itkilərini gözləmək planı real görünürdü.
Ancaq plan baş tutmadı və vəziyyət daha da çətinləşdi. Mövsümün sonuna “Sabah”ın 6, “Qarabağ”ın isə (təxirə salınmış oyunla birlikdə) 7 oyunu qaldığı halda, komandalar arasında 10 xallıq fərq qalmaqdadır. Riyazi baxımdan bu fərqi aradan qaldırmaq mümkün olsa da, “Şamaxı” ilə son turdakı oyundan sonra həm baş məşqçi Qurban Qurbanovun, həm də futbolçuların açıqlamalarında müəyyən ruh düşkünlüyü hiss olunur, bir növ taleləri ilə barışdıqları sezilirdi.
“Köhlən atlar”ın UEFA Çempionlar Liqasındakı uğurlu çıxışı, futbolçulara artan maraq, onlara gələn cəlbedici təkliflər başlarının gicəllənməsinə səbəb oldu və heç cür toparlana bilmədilər. Görünən odur ki, bu amil daxili arenada nəticələrə təsirsiz ötüşmədi və “Qarabağ” hazırda cari mövsümü titulsuz başa vurmaq təhlükəsi ilə üz-üzə qalıb.
Məsələ burasındadır ki, ölkə kubokunda da vəziyyət ürəkaçan deyil. Yarımfinalın ilk oyununda yenə “Sabah”la qarşılaşan Ağdam təmsilçisi onlara doğma meydan sayılan Tofiq Bəhramov adına Respublika stadionunda da əsas rəqibi ilə bacarmadı – 2:2. Ümumilikdə isə “Qarabağ” bu mövsüm “Sabah”la keçirdiyi üç oyunun heç birində sevinən tərəf olmayıb – iki heç-heçə və bir məğlubiyyət.
Beləliklə, “Qarabağ” çempionluğu “Sabah”a uduzacağı təqdirdə, Çempionlar Liqasına vəsiqəni də rəqibinə vermiş olacaq. Çempionlar Liqası təcrübəsi olmayan “Sabah”ın bu turnirdə hara kimi irəliləyəcəyini isə zaman göstərəcək.
Ağdam təmsilçisinin Avropada qışa qədər irəliləməsi sevindirici olsa da, bu uğurun daxili yarışlara təsiri hiss olunur. Üç “cəbhə”də (Çempionlar Liqası, ölkə çempionatı və kubok) mübarizə aparmaq üçün daha geniş heyətin vacibliyi bir daha üzə çıxır. Bu da ən çox klubun rəhbərliyinin, məşqçilər heyətinin üzərinə düşən məsuliyyətdir.
Kəsəsi, bu mövsüm “Qarabağ” üçün həm dəyərli təcrübə, həm də ciddi dərs kimi yadda qala bilər. Ancaq bunun mənfi tərəfi də odur ki, bu dəyərli təcrübə fonunda ağdamlılar mövsümü titulsuz da başa vura bilərlər.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



