
Nə “Ayntraxt” əvvəlki komandadır, nə də “Qarabağ”
Yanvarın 21-i “Qarabağ” üçün sadəcə növbəti oyun deyil, mövsümün taleyini dəyişə biləcək gecə kimi yadda qala bilər. Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının 7-ci turunda Frankfurt “Ayntraxt”ını qəbul edəcək və bu dəfə azarkeşlərlə yanaşı, komandanın içində də real inam hiss olunur.
“Köhlən atlar” nəhayət ki, öz ritmini tapır. Son illərdə “Qarabağ”ın qış hazırlıqları adətən yoxlama oyunlarındakı məğlubiyyətlərlə yadda qalırdısa, bu dəfə mənzərə tam fərqlidir. Türkiyədə keçirilən təlim-məşq toplanışında komanda həm fiziki, həm də psixoloji baxımdan tam hazır təsiri bağışladı. Yoxlama matçlarında rəqiblərinə acımayan “köhlən atlar” oyun intizamı, pressinq və hücumdakı aqressiya baxımından əvvəlki aylardan qat-qat yaxşı idi.
“Ayntraxt”da xaos, “Qarabağ”da sabitlik
Son dörd qarşılaşmanın birində məğlub olan “Ayntraxt” üçündə bərabərə qalıb. Və bu oyunların hər birində də rəqib qapılarına yol tapa biliblər. Frankfurtlular qol vurmaq baxımından heç də rəqiblərindən geri qalmasa da, komanda daxilində ciddi problemlər müşayiət olunur. Vacib oyun ərəfəsində baş məşqçi Dino Toppmöllerlə də yollar ayrılıb. Məhz bu oyunun “Qarabağ” üçün ən yaxşı tərəflərindən biri də rəqibin daxili problemləridir. “Ayntraxt” mövsümün ən vacib mərhələsində baş məşqçini göndərib. Komandada idarəetmə böhranı yaşanır, futbolçuların gələcəyi ilə bağlı suallar çoxdur. Mediada maraqlı bir iddia dolaşır: Frankfurt klubu “Qarabağ” azarkeşlərinin yaxşı tanıdığı, 2023/24 mövsümündə UEFA Avropa Liqasının 1/8 final mərhələsində Ağdam komandasının əlindən zorla canını qurtaran Leverkuzen “Bayer”inin sabiq baş məşqçisi Xabi Alonsonu “sükan arxasına” gətirmək istəyir. Bu isə hazırkı mərhələdə “Ayntraxt” üçün əlavə təzyiq deməkdir. Yeni məşqçi ehtimalı, qeyri-müəyyən planlar – bütün bunlar komandanın oyuna tam fokuslanmasına mane ola bilər.
Hələliksə, komandanı Bakıdakı matça “Ayntraxt”ın U-19-unun çalışdırıcısı Aleks Mayer və Dennis Şmidtin çıxaracağı məlumatı yayılıb.
“Ayntraxt”ın ən güclü tərəfi sürətli cinah hücumları və keçid oyunudur. Amma son aylarda müdafiəyə qayıdışda ciddi problemlər yaşayırlar. “Qarabağ”ınsa məhz bu tip rəqiblərə qarşı uğurlu planı var: topa nəzarət, tempin aşağı salınması və ani sürətlənmələrlə boşluqlardan istifadə. Kadi Borges, Abdullah Zubir, Leandro Andrade kimi oyunçuların fərdi keyfiyyəti bu tip matçlarda həlledici ola bilər. “Qarabağ” ilk qolu vura bilsə, oyun tamamilə Ağdam klubunun ssenarisi ilə davam edə bilər.
3 xal realdır? – Həm də çox real
Bu “Ayntraxt” əvvəlki “Ayntraxt” deyil. Bu “Qarabağ” isə son illərin ən inamlı, ən istəkli versiyalarından biridir. Ev amili, forma yüksəlişi və rəqibdəki xaos bir araya gələndə 3 xal artıq xəyal yox, real hədəf kimi görünür.
Yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda təkcə futbol yox, iradə savaşı gedəcək. Və bu dəfə “köhlən atlar”ın üzündəki təbəssüm təsadüfi deyil. Bu oyun “Qarabağ”ın Avropa tarixində yeni, qürurlu bir səhifə aça bilər.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



