“Qarabağ” “Gent”i necə keçə bilər? – TƏHLİL

Vüsal “Aydın” Qəmbərov

Bu gün Azərbaycan futbolunun tarixindəki vacib oyunlardan biri keçiriləcək. Düzü, Kopenhagendə göz yaşlarıyla bayram etdiyimiz məğlubiyyət bugünkü oyundan üstün sayıla bilərdi. Amma faktiki olaraq, avroturnirlərdə mart ayını görmək hələ ki, heç bir Azərbaycan təmsilçisinə müyəssər olmayıb və bu gün “Gent”ə uduzmasa, “Qarabağ” ən azı 9-16 mart tarixlərində meydana çıxmağı təmin edəcək.

Bəs görək bu tarixi nailiyyətə imza atmaq üçün “Qarabağ”a nə lazımdır? Nəzəri cəhətdən uduzmamaq… Amma bundan daha artığına ehtiyacımız var. Taktiki-texniki cəhətdən?

Beləliklə…

Bunu bir cümlə ilə ifadə etmək lazımdırsa: “Qarabağ” ilk 20 dəqiqədə qol buraxmasa, turu keçmişik.

Bir az cəsarətə gəlib deyə bilərəm ki, ilk 20 dəqiqədə qol buraxmasa, “Gent”i “Qarabağ”ın əlindən ancaq möcüzə ala bilər. Ya da, səhv… Plzendə bunu bizə yaşadan komandadan danışırıq, düzdür… Amma yenə də, bu dəfə elə biabırçılığın yaşanmayacağına inanaq.

“Gent”in ilk 20 dəqiqədə axınla hücuma keçəcəyini əminliklə demək olar. Üstəlik, “Qarabağ”ın start həyəcanı probleminin olduğunu yəqin ki, öyrəniblər. Bu 20 dəqiqədə 3-4 yaxşı düşünülmüş fərqli hücum formasiyaları olacağını gözləyirəm. Bakıda çox dəqiq oynayan Elvin-Bədavi-Bəhlul-Marko dördlüsünə çox yük düşəcək. Yankoviç və Julio Romao onların yükünü xeyli azaltmışdı. Bu dəfə o biri Markonun olmaması böyük əskiklikdir. Çünki nə Almeyda, nə də Qara müdafiəni bu qədər sakitləşdirici özəlliyə sahib deyillər. Amma istənilən halda, 4+2 müdafiəni 20 dəqiqə ərzində alınmaz qalaya çevirməlidir.

“Qarabağ”ın istər bu 20 dəqiqə, istərsə də sonrakı oyun müddətində hücumda əlinə imkanlar düşəcək. Mütləq düşəcək. Əsas məsələ fürsəti qola çevirə bilməkdir. Cica əslində imkanlardan yaxşı istifadə edən hücumçudur. Məsələn, bir aydan çoxdur Albaniyadan ayrılsa da, bu günə qədər Albaniya Super Liqasının bombardiridir. Ümid edək ki, Bakıda (həm “Gent”, həm “Zirə”yə) vura bilmədiyi qolları elə Gentə saxlayıb. Bu dəfə dirəkləri döyməyəcək…

Ramil Şeydayevin cinah hücumçusu kimi effektiv olmadığını təcrübələrdən bilirik. Leandro Andrade isə formadadır. Əslində, onların mövqeləri dəyişərsə, hücumda Cica oynayarsa, Zubirlə bərabər bu 4-lü və oyuna sonradan daxil ola biləcək Diakabi, Benzia, Ozobiç və Musa Belçikadan qol, ya da qollarla qayıtmalıdır.

Rəqibin ilk təzyiqindən qurtulmaq niyə vacibdir?

Çünki 3-4 məntiqli hücumu alınmadıqdan sonra onlar improvizə etməli olacaqlar, hücumlar genişlənəcək və müdafiəçilər arasında istəmədikləri boşluqları buraxacaqlar. Hələ Bakıdakı oyunda “Gent”in müdafiəsindəki 3 afrikalı (Torunarigha, Ngadeu və Okumu. Allah insaf versin, adlara bax!) uzunboylu oyunçu bizim sürətli hücumçular qarşısında çarəsiz qalmışdılar – mövqe seçib, müdafiə olunduqları halda. İndi təsəvvür edin ki, ilk 20 dəqiqədə istədiklərini əldə edə bilməyəndə, meydançanın yarısında “Gent”in qapıçısını onlardan ikisi müşayiət edəcək və bizim sürətli hücum oyunçularımız üçün bu genişlik nə deməkdir? Elə bil amfibiya adamı atmısan okeana…

Beləliklə, oyunun kilidinin 3 açarı olduğunu görürük:

  • İlk təzyiqə tab gətirmək
  • Uşaq səhvləri buraxmamaq
  • Hücumda effektivlik

İdeal ssenari halında isə ilk təzyiqi alınmadığı üçün səbirsizləşən “Gent” hardasa 20-25 dəqiqə arasında bir qol buraxır, sonra axınlar başlayır, səngidikcə birini də vururuq, səngidikcə birini də vururuq və beləcə, 70-ci dəqiqəyə üç top fərqi ilə üstün gəldiyimiz üçün ilk 20 dəqiqədə nəfəsi kəsilən biz stadiondakı azarkeşlər, son 20 dəqiqəni mahnılar oxuyaraq keçiririk…

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button