
Sadıqov: “Qarabağ” bu mövsüm ümidlərimizi doğruldub”
“Qarabağ” yanvarın 21-də UEFA Çempionlar Liqasının 7-ci turunda Bakıda Frankfurt “Ayntraxt”ı ilə qarşılaşacaq. Bundan bir həftə sonra isə komandanı bu mərhələnin son turunda çətin “Liverpul” səfəri gözləyir.
“Köhlən atlar”ın bu ay keçirəcəyi bu iki oyunla bağlı AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun fikirlərini öyrəndik. Sadıqov Komanda.az-a açıqlamasında “Qarabağ”dan gözləntilərinin böyük olduğunu bildirdi:
“Qarabağ”ı Çempionlar Liqasında çox vacib olan iki oyun gözləyir. Ümumiyyətlə, vurğulamaq lazımdır ki, “Qarabağ” bu mövsüm çox uğurlu, hər birimizi sevindirən məzmunlu bir oyunla seçilir. Və hazırda belə demək olar ki, marafonun sonuna gəlib çatırıq. Vacib olan iki oyun bizi gözləyir. Çempionumuz biri Frankfurt “Ayntraxt”ına, digəri isə İngiltərə çempionlarına qarşı çox ağır oyunlar keçirəcək. Mən bunu həmişə vurğulamışam ki, bizim çempionumuzdan gözləntilər hər zaman böyükdür və “Qarabağ” bu mövsüm bizim ümidlərimizi doğruldub. İlklərə imza atıb və hər birimiz gözləyirik ki, yanvarın 21-də Almaniyanın güclü komandasına qarşı oyunda müsbət nəticə əldə etməklə, nöqtəni qoyub, pley-off-a adlamaq baxımından önəmli xallar qazanacaq. Biz buna ümidliyik, bunu arzulayırıq. Onu da deyə bilərəm ki, bizim çempionumuz buna layiqdir və buna qadirdir.
Komandanın şanslarını dəyərləndirdikdə, qeyd etmək lazımdır ki, ilk növbədə “Ayntraxt”ı vurğulamalıyıq. Ümumiyyətlə, hər iki oyundan danışanda görürük ki, çempionumuz ən öndə gedən çempionatlarda çıxış edən komandalarla qarşılaşacaq. Ancaq ən vacib oyun birincisidir. Düzdür, statistik baxsaq, görərik ki, alman klublarına qarşı hansısa müsbət nəticə, qələbə şahidi olmamışıq. Ona görə də, elə-belə vurğulamadım ki, “Qarabağ” bu mövsüm ilklərə imza ataraq yolunu davam etdirir. Və inanırıq ki, elə Almaniya klubuna qarşı yeni bir ilkə imza atmaqla, güclü çempionatda çıxış edən “Ayntraxt”ı məğlub etməklə yoluna davam edəcək, ilklərin davamını gətirəcək”.
Azərbaycan millisinin sabiq məşqçisi ölkə çempionatının başa çatan ilk dövrəsini də dəyərləndirdi:
“Premyer Liqamıza gəlincə, deyə bilərəm ki, çox maraqlı, gərgin və intriqalı bir dövrənin şahidi olduq. İnanıram ki, ikinci dövrədə də bunun şahidi olacağıq. Ona görə ki, oyunların sayı azalıb, ancaq indiyə kimi çempionluq məsələsinə aydınlıq gətirmək çox çətindir. Nə də ki, avrokuboklara vəsiqə qazanacaq klublar bəllidir. Nə çoxlu namizədlər söyləmək olar, nə də ki, Premyer Liqanı tərk edəcək komandaların adını çəkmək. İnanıram ki, ikinci dövrədə də məzmunlu, gərgin, rəqabətli oyunlar görəcəyik. Həmişə bunu vurğulamışam, layiq olan, güclü olan öz yerini tutmaqla Azərbaycanı layiqincə Avropada təmsil edə bilsin”.
“Sabah”ın bu mövsüm çempion olma şansları barədə danışan mütəxəssis, ölkə çempionatında çempionluğa iki komandanı namizəd kimi göstərməyin mümkün olduğunu bildirdi:
“Çempionluğa iki komandanı namizəd kimi göstərmək mümkündür. Hesab edirəm ki, kiminsə sonluqda, yəni, bu uzun marafonun sonunda çempion olub-olmamasını demək çox çətindir. Ancaq onu qeyd edə bilərəm, hər iki komanda mövsümün ikinci hissəsində bundan da artığına nail olmalıdır ki, çempion adını layiqincə daşıya bilsinlər. Yəni, hesab edirəm ki, kimin çempion olmasını deməkdə çətinlik çəksək də, ancaq dəqiq deyə bilərik ki, çempionluq məsələsinə bu iki komandanın arasında aydınlıq gələcək. Güclü olan çempion olsun və bizi layiqli şəkildə Çempionlar Liqasında təmsil edə bilsin”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



