“Qarabağ” nə olsa da, “Ayntraxt”a qalib gələcək gücdə komandadır” – SORĞU

”Qarabağ” yanvarın 21-də, UEFA Çempionlar Liqasının 7-ci turu çərçivəsində “Ayntraxt”la (Frankfurt) qarşılaşacaq.

Komanda.az Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunla bağlı idman mediasında çalışan bəzi həmkarlarımızın fikirlərini öyrənib:

Kənan Həsənov (“report.az”)

“Qarabağ”ın Çempionlar Liqasının liqa mərhələsində son oyununu səfərdə “Liverpul”a qarşı keçirəcəyini nəzərə alsaq, təmsilçimiz üçün “Ayntraxt”la Bakıda qarşılaşma “tamam” və ya “davam” statusunda olacaq. Buna görə də, bu matçda heç-heçə belə, “Qarabağ”ı qane etmir. Komandamızın növbəti mərhələyə yüksəlməsini istəyiriksə, yalnız qələbə ağdamlıları qane edə bilər. Təbii ki, rəqib Almaniya təmsilçisidir və qələbə qazanmaq heç də asan başa gəlməyəcək. Bununla belə, “Ayntraxt”ın Bundesliqada son zamanlardakı qeyri-sabit çıxışı müəyyən qədər ümidverici məqam kimi vurğulanmalıdır. Komandanın son üç oyununa diqqət yetirsək, qapısından 9 qol buraxıb, müdafiəsində ciddi problemlər var. “Qarabağ” rəqibin bu zəif nöqtəsindən istifadə edə bilər. Təbii ki, rəqib azarkeşlərin Bakıya gəlməməsi, “Qarabağ”ın doğma meydanda azarkeşlərin güclü dəstəyi altında oynaması da müsbət məqamlardandır. Düzdür ki, qış fasiləsində oyun praktikası baxımından “Ayntraxt” “Qarabağ”dan daha öndə oldu, Bundesliqada çıxış edir. “Qarabağ” isə yoxlama oyunları keçirdi.

Ümid edək ki, Qurban Qurbanovun yetirmələri doğma azarkeşləri qələbə ilə sevindirəcək. Qazanılacaq üç xal “Qarabağ”ın növbəti mərhələyə yüksəlmək şansını artıracaq. Əks halda, heç-heçə belə, “Qarabağ”ın xeyrinə olmaya bilər. Bu tarixi şansdan maksimum dərəcədə istifadə etmək lazımdır. Proqnoza gəldikdə isə, mən qələbəyə inanmıram, lakin heç-heçə etmək mümkündür”.

Kənan Məstəliyev (“rekord.az”)

”Hər iki komanda üçün həlledici qarşılaşmadır, çünki “Ayntraxt” xal itkisiylə üzləşəcəyi halda Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq şansını birdəfəlik itirəcək. “Qarabağ”ın isə bu oyundan sonra yalnız “Liverpul”la səfər matçı var. Bu səfərdə xal və xallara ümid etmək isə ən azından reallığa yaxın deyil. Hər iki komanda bu matçda xal ehtiyatını maksimum artırmaq üçün mübarizə aparacaq. Rəqib çox güclüdür, Almaniyanın ötən mövsüm ən yaxşılarından biridir və çox güclü oyunçuları var. Düzdür ki, onlarda istər oyun planı baxımından, istər heyət baxımından problemlər var, lakin bu, reallığı dəyişdirməməlidir. “Ayntraxt” çox güclü komandadır və oyuna ciddi yanaşmaq lazımdır. Bəli, “Ayntraxt”ın baş məşqçisi təzəlikcə dəyişib. Dino Toppmöllerin oyunu çox müzakirələrə və tənqidlərə səbəb olub, buna görə də onun göndərilməsi təəccüblü deyil. Lakin Dino Toppmöllerin məhz “Qarabağ”la oyundan öncə göndərilməsi planlarımızı poza bilər. Dəqiq sistemi olmayan komandanın qısa müddətdə sistemli oyun planına keçmək ehtimalı var. Digər bir baxımından, yeni məşqçi Dennis Şmidtin rəhbərliyiylə komandanın qısa müddətdə toparlanması asan olmayacaq. “Ayntraxt”ın bu oyuna necə yanaşacağından çox şey asılıdır.

Düşünürəm ki, “Qarabağ” nə olsa da, “Ayntraxt”a qalib gələcək gücdə komandadır. Bəli, “Qarabağ”ın da problemləri var, lakin komanda bu günə qədər keçirdiyi oyunlarda rəqabətə davamlı olduğunu sübut edə bilib. Buna görə də, komandamızın qələbəsinin mümkün olduğunu düşünürəm və qələbə qazanacağımızı proqnozlaşdırıram”.

İlkin Sultanlı (“sport1.az”)

”Yoxlama oyunlarında gördük ki, “Qarabağ” hazırda formadadır. “Ayntraxt” “cəbhə”sində isə problemlər səngimək bilmir. Bütün bunları nəzərə alanda, Ağdam təmsilçisinin favorit olduğunu söyləyə bilərəm. Lakin futbol meydanda oynanılır. Almaniya təmsilçiləri belə durumlarda vəziyyəti öz xeyirlərinə dəyişməyi bacarırlar. Bu görüş “Qarabağ” üçün çətin olacaq. Ağdam komandası növbəti dəfə tarix yazmaq üçün vuruşmalıdır”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button