İngiltərə hökuməti “Qalatasaray”a hörmətsizlik edib

“Qalatasaray” Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Mançester Yunayted”lə oyunundan (3:2) sonra Britaniya hakimiyyətini hörmətsiz davranışda ittiham edib.

Komanda.az Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir ki, “Qalatasaray” rəhbərliyi klubun İngiltərə hava limanında bir çox çətinliklə qarşılaşdığını dilə gətirib:

“İngiltərənin İstanbuldakı baş konsulluğundan viza almaqda oyunçularımızın, texniki heyətimizin və komanda üzvlərimizin yaşadıqları çətinliklərlə başlayan bu hörmətsiz davranış komandamızın İngiltərəyə girişi zamanı da davam etdi. Bu, insan hüquqları sahəsinin ümumbəşəri dəyərlərinə ziddir.

Dünən axşam saatlarında təyyarəmizin havaya qalxması mənasız təfərrüatlı baqaj yoxlamaları ilə lüzumsuz yerə uzun çəkdi. Bu prosesdə rəsmi qurumların sayğısız və cahil davranışları ölkəmizə olan münasibətin göstəricisidir. Bilməlisiz ki, Türkiyənin fəxri sayılan “Qalatasaray” idman klubunun futbolçularına, texniki heyətinə və rəhbərliyinə heç kim bu cür davrana bilməz. Bütün ictimaiyyətin nəzərinə çatdırırıq ki, nalayiq hərəkət edənlərə qarşı sona qədər mübarizə aparacağıq.

Baş verən bu hadisələrdən asılı olmayaraq, oyundan əvvəl və sonra klubumuzu mehribanlıqla qarşılayan “Mançester Yunayted” nümayəndələrinə təşəkkür edirik”.

“Qalatasaray” hazırda ÇL-in A qrupunda 4 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button