
Mircavadov: “Qarabağ”ın hazırlığı normal olub və “Ayntraxt”la oyuna da hazırdır”
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 7-ci turunda Frankfurt “Ayntraxt”ını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunla bağlı AFFA Məşqçilər Komitəsinin üzvü, Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadovun fikirlərini öyrəndik.
Mircavadov Komanda.az-a açıqlamasında ağır oyun ola biləcəyini söyləyib:
“Mən deyərdim ki, ağır oyun ola bilər. Həlledici qarşılaşmadır. Almaniyada çempionat davam edir, yəni, onların oyun praktikası baxımından çətinliyi yoxdur. Amma bizə oyun praktikasına ehtiyac var idi. Digər tərəfdən, “Qarabağ”a istirahət də mütləq lazım idi. Çünki son oyunları çox ağır keçmişdi, komanda yorulmuşdu. Yoxlama oyunlarına da baxdım, doğrudan da, çox yaxşı təsir bağışladılar, xüsusən, Polşa təmsilçisi ilə son matçda çox yüngül qələbə qazandılar. Komandada ruh yüksəkliyi böyük idi və oyunçular yüngül görsənirdilər. Bu amil çox vacibdir, yəni, “Qarabağ”ın hazırlığı normal olub və “Ayntraxt”la oyuna da hazırdır.
Oyuna gəldikdə isə, mən deyərdim ki, bizə xallar lazımdır. Məsələn, dünənki oyunlara baxdım, “Mançester Siti” “Bodo Qlimit”ə uduzdu, mən gözləmirdim. “Bodo Qlimit” yaxşı oyunla ingilisləri məğlub etdi. Digər tərəfdən də, “Kopenhagen”lə “Napoli”… Düşünürdüm ki, ikisindən biri udar, yəni, biri turnir cədvəlində aşağı pillələrə düşə bilər, bu da şərtdir. Amma görürsən ki, bərabərə qaldılar, xal ehtiyatını artırdılar. Ona görə də, bugünkü oyunda bizə qələbə vacib lazımdır, heç olmasa, heç-heçə. Amma heç-heçə olsa, şansımız çətin olacaq, asılı oluruq digər komandaların oyunlarından. Amma qələbə və 10 xal – mən deyərdim ki, normaldır və 24-lüy-ə rahat düşə bilərik”.
Mircavadov “Qarabağ”dan necə bir oyun gözlədiyi barədə də danışıb:
“Qarabağ” öz oyununu oynayacaq. Yəni, “Qarabağ” başqa komandalarla oynayanda məlum şeydir ki, onların güclü və zəif cəhətlərini öyrənmək lazımdır ki, hazırlıqlı olsun. “Qarabağ” “Ayntraxt”ın oyunlarını izləyib, mən də iki dəfə onların oyununa baxmışam. Bir nüans da var ki, “Ayntraxt”ın baş məşqçisi istefa verib. Bu, problem olmasa da, “Ayntarxt”a oyuna hazırlıq və psixoloji cəhətdən üstünlük verir, hansı ki, ola bilər, hansısa oyunçu əvvəlki məşqçinin dönəmində oynamırdı, amma indi oynasın. Yəni, bu da üstünlük yaradır, istəkli olurlar. Ancaq “Qarabağ” öz oyununu oynayacaq. Yəni, daha əvvəl Avropada, Azərbaycan çempionatında necə oynayıbsa, elə də oynayacaq”.
“Qarabağ” – “Ayntraxt” matçı saat 21:45-də start götürəcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



