12 ildən sonra “Qəbələ”dən ayrıldı

“Qəbələ” Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı “qırmızı-qaralar”dan ayrılıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, 2008-ci ilin dekabrından bu vəzifəni tutan, müxtəlif illərdə akademiyanın direktoru əvəzi kimi çalışan türkiyəli mütəxəssisin “Qəbələ”dəki 12 illik fəaliyyəti başa çatıb. Mütəxəssis akademiyanın strukturunun qurulması, aşağı yaş qrupları üzrə komandaların formalaşması, məşqçilər korpusunun təşkilində əvəzsiz xidmətlərə malikdir. Seleksiya prosesinə rəhbərlik edən Fıçıcı bu müddətdə futbolçu və məşqçilərin yetişməsində vacib rol oynayıb.

Onun “Qəbələ”də çalışdığı vaxtda onlarla futbolçu Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığmalarına cəlb olunub. Bir sıra yerli gənc məşqçi bu müddətdə türkiyəli mütəxəssisin seminarlarından yararlanıb, onun təcrübəsindən faydalanıb. Azərbaycan yığmalarının məşqçiləri sırasında da akademiyamızın çalışdırıcıları yer alıb. “Qəbələ” akademiyasının bütün komandaları bu müddətdə iştirak etdiyi yarışlara Fıçıcının rəhbərliyi altında yollanıb. “Qəbələ”nin komandaları daxili arenada bir sıra nailiyyətlər əldə edib. U-19 komandası 5 dəfə ölkə çempionu tituluna yiyələnib. Bu il 4-cü dəfə UEFA Gənclər Liqasının iştirak edəcək komanda yarışda mərhələ keçən ilk Azərbaycan təmsilçisi olub.