
Premyer Liqada zirvə savaşı: Mübahisəli hakim qərarları olmasaydı…
Əmir
Mövsüm sona yaxınlaşır. Milli fasilə başa çatdıqdan sonra yenidən bütün diqqətlər ölkədaxili yarışlara yönəlib. Əsas diqqət mərkəzində isə “Qarabağ” və “Sabah” arasında olan titul mübarizəsidir. Komandalar apreldə nə az, nə çox düz üç dəfə üz-üzə gələcək. Bu matçlardan ikisi Azərbaycan kubokunun yarımfinal mərhələsi, digər oyun isə Premyer Liqa çərçivəsində keçiriləcək. Bu komandaların oyunları, titul uğrunda mübarizəsi ilə bağlı bir çox müzakirələr, hətta mübahisələr olur.
Ən çox maraq doğuran isə hakimliklə bağlıdır. “Qarabağ”ın ardıcıl xal itkiləri fonunda hakimlik ön plana çıxarılır. Maraqlıdır, cari mövsümdə “Sabah” da daxil olmaqla bir çox komandanın oyununda hakimliklə bağlı narazılıq olsa da, ən çox “Qarabağ”ın oyunlarına diqqət yetirilir. Hər cür manipulyasiyanı bir kənara qoyub, bu məsələyə sırf statisika baxımından yanaşaq. Hakimlər “Sabah” və “Qarabağ”ın cari mövsümdəki oyunlarında kimin xeyrinə və əleyhinə daha çox qərar verib?
Epizodlar hər mütəxəssis tərəfindən fərqli cür yozula bildiyindən, bu komandaların çempionat oyunlarında verilmiş mübahisəli qərarlara məhz həmin komandaların özlərinin və rəqiblərinin kontekstindən yanaşaq.
“Qarabağ”ın oyunlarında verilmiş mübahisəli qərarlar:
18-ci tur
“Qarabağ” – “Turan Tovuz” 1:0
Oyunun 44-cü dəqiqəsində “Turan”ın hücumçusu İbrahima Vadji “Qarabağ”ın oyunçusu Mateus Silvanın ayağına aşkar zərbə endirsə də, matçın baş hakimi sadəcə sarı vərəqə ilə kifayətlənir. Epizodun təkrarında isə bunun aşkar qırmızı vərəqə olduğu görünür. Oyunun baş hakimi Elçin Məsiyev isə fərqli düşünür. Bu epizodda hakimlər səhvə yol versə də, bu, “Qarabağ”ın xal itkisi ilə nəticələnmir.
19-cu tur
“Şamaxı” – “Qarabağ” 1:2
Qarlı hava şəraitində keçirilən oyunun ikinci hissəsində matçın baş hakimi Kamal Umudlu aşkar kobudluğa rəğmən, “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadəyə güzəştə gedir. Artıq hesabında bir sarı vərəqə olan müdafiəçiyə ikinci sarı vərəqəni göstərmir. Maraqlıdır ki, “Qarabağ” 11 nəfərlə belə, çətin keçirdiyi oyunda yalnız son dəqiqədə vurulan qolla qalib gəlir. Həmin epizodda qırmızı vərəqə verilsəydi, oyunun hansı axarda keçəcəyini proqnozlaşdırmaq çətindir. Amma bunun “Qarabağ”ın lehinə qərar olduğunu və komandanın məhz bu güzəştdən sonra qələbə qolunu vurduğunu nəzərə alaraq, bu matçda Ağdam təmsilçisinin 2 xal çox qazandığı nəzərə alaq.
20-ci tur
“İmişli” – “Qarabağ” 0:1
Oyunun 72-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Kadi Borgesə qırmızı vərəqə göstərilir. Səbəb kimi isə rəqibə zərbə endirməsi göstərilir. Realda zərbə olub-olmayıb, müəyyənləşdirmək çox çətindir. Çünki görüntü o deyil. Amma burada bir məqam var. Qərar VAR-ın müdaxiləsindən sonra yox, baş hakim Cavid Cəlilovun birbaşa müdaxiləsi ilə verilir. Yəni, Cəlilov gözünün önündə olan epizod üçün VAR-ın müdaxiləsinə ehtiyac görmür. Amma yekunda əldə normal görüntü olmadığından, Cəlilovun verdiyi qərarın nə qədər düzgün olması ilə bağlı da dəqiq nəsə demək mümkün deyil. Amma istənilən halda, bunu da şübhəli qərarlar siyahısına daxil edə bilərik. Oyunda isə bu qərarla “Qarabağ” heç nə itirmir – matçı 3 xalla başa vurur.
24-cü tur
“Zirə” – “Qarabağ” 1:3
Çempionluq uğrunda mübarizədə az qala “Sabah” və “Qarabağ”ın oyunlarında qeydə alınmış hər mübahisəli epizodun günlərlə müzakirə edilməsi fonunda bu matçın çox diqqətdən kənarda qaldığını qeyd etməliyik. Bu matçda “Qarabağ” 3:1 hesabıyla qalib gəlsə də, meydan sahiblərinin iki penaltisi verilmədi. Təkrarlara baxdıqda, hər iki epizodun penaltiyə çox oxşadığı görünür. Oyundan sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bu epizodlara xüsusi diqqət çəkərək, hər iki epizodda penalti olduğunu düşündüyünü bildirmişdi. Bu penaltilər verilsəydi, “Qarabağ” bu matçda 3 yerinə, 1 xalla kifayətlənəcəkdi.
25-ci tur
“Kəpəz” – “Qarabağ” 1:0
“Qarabağ” tərəfinin bəlkə də, ən çox müzakirə etdiyi oyunlardan biri. Heç kimin gözləmədiyi anda “Kəpəz” Ağdam klubu ilə oyundan 3 xalla ayrıldı. Amma bu qələbə ilə yanaşı, oyunun sonlarında yaşanan bir an daha çox gündəm oldu. Belə ki, matçın 75-ci dəqiqəsində (hesab artıq 1:0 idi) Kamilo Duran “Kəpəz”in cərimə meydançasında yerdə qalsa da, baş hakim Əli Əliyev epizodun təkrarına baxdıqdan sonra penalti verməmək qərarına gəldi. Epizodun təkrarında Şakir Seyidovun topa da müdaxilə etdiyi görünsə də, bəziləri bu epizodun çox cüzi olduğunu, penalti verilməli olduğu iddiasındadır. Həmin anda “Qarabağ”ın hesabda geri olmasını və matçın sonuna kimi hesabı bərabərləşdirə bilmədiyini düşünüb, Ağdam təmsilçisinin bu matçdan 0 yerinə, 1 xal apara biləcəyini nəzərə alaq.
Realda “Qarabağ” bu oyunlarda 12 xal qazanıb. Amma mübahisəli qərarlarla bağlı yanaşma tətbiq olunsaydı, klubun etiraz etdiyi qərarlar qəbul edilib, rəqiblərinin etiraz etdiyi epizodlarda əleyhinə qərar qəbul edilsəydi, bu rəqəm 9 olmalı idi. Yəni, aradakı fərq “Qarabağ”ın xeyrinə yox, əksinə, indikindən 3 xal az olacaqdı.
“Sabah”ın oyunlarında verilmiş mübahisəli qərarlar:
4-cü tur
“Neftçi” – “Sabah” 0:0
Oyunun ilk hissəsində top “Sabah”ın cərimə meydançası daxilində bu komandanın müdafiəçisi Andrey Santosun əlinə dəydi. Baş hakim İnqilab Məmmədov penalti təyin etsə də, VAR-ın müdaxiləsndən sonra epizoda təkrar baxdı və futbolçunun topa dəyən əlini dayaq əl kimi qəbul edərək, penaltini ləğv etdi. Əlbəttə, penalti verilsəydi, bunun qol olub-olmayacağı, hətta qol olsaydı belə, meydan sahiblərinin qalib gəlib-gəlməyəcəyini proqnozlaşdırmaq çətindir. Amma yazıda hər iki komanda üçün lehlərinə verilmiş qərarlarda ən pis, əleyhlərinə verilmiş qərarlarda isə ən yaxşı ssenarini nəzərə aldığımızdan, ən pis variantı – “Sabah”ın məğlubiyyətini nəzərə alaq. Belə olacağı təqdirdə, Masazır təmsilçisi bu oyunda 1 xal itirəcəkdi.
5-ci tur
“Sabah” – “Turan Tovuz” 2:0
Bu oyunun ikinci hissəsində baş hakim və VAR hakimləri kobud səhvə yol verdi. “Turan Tovuz”un futbolçusu Veyzəl Rzayev “Sabah” müdafiəçisi Akim Zedadkanın ayağına açıq zərbə endirdi. Təkrarda epizodun aşkar qırmızı vərəqəlik olduğu görünürdü. Amma matçın baş hakimi Rəvan Həmzəzadə ümumiyyətlə, bu epizodda vərəqə göstərmədi. “Sabah”ın bu matçda qalib gəldiyini nəzərə alsaq, bu epizod oyunun nəticəsinə hansısa formada təsir etmədi.
6-cı tur
“Sabah” – “Sumqayıt” 1:1
Bu oyun cari mövsümdə “Sabah”ın ən çox narazılıq etdiyi matçlardan oldu. “Sabah”ın hücumçusu Coy-Lens Mikels üç qol vursa da, VAR-ın müdaxiləsindən sonra bu qollardan ikisi ləğv edildi. Oyundan sonra bir çox mütəxəssis qolların qaydalar çərçivəsində vurulduğunu bildirdi. Maraqlıdır ki, bu oyunun baş hakimi Əliyar Ağayev də hər iki qolu qeydə almışdı. Yalnız VAR-ın müdaxiləsindən sonra qərarını dəyişmişdi. Nəticədə, “Sabah” bu matçı 3 yerinə 1 xalla başa vurmalı oldu.
9-cu tur
“Sabah” – “Araz-Naxçıvan” 2:2
“Sabah” hesabda 2:1 üstün olduğu zamanda, oyunun son dəqiqələrində bu komandanın qapısına şübhəli cərimə zərbəsi təyin edilir. Bu cərimə zərbəsindən – ötürmədən sonra qonaqlar hesabı bərabərləşdirir. Epizodun təkrarına baxdıqda isə burada hansısa qayda pozuntusu yox, adi toqquşma olduğu aydın görünür. Lakin oyunun baş hakimi Rəşad Əhmədovun fərqli qərarı “Sabah”ın iki xal itirməsi ilə nəticələnir.
20-ci tur
“Qəbələ” – “Sabah” 0:1
Oyunun son dəqiqələrində “Qəbələ”nin qolu ləğv edildi. Bu qərar meydan sahibi komanda tərəfindən birmənalı qarşılanmadı. Düzdür, matçdan sonra “Qəbələ”nin hücumçusu Sanqare topun əlinə dəydiyini etiraf etsə də, futbolçudan fərqli olaraq, bir çoxu bunun əksini iddia edirdi. Bayaq da qeyd etdiyimiz kimi, bu yazıda “Sabah” və “Qarabağ”ın lehinə verilmiş qərarlarda bu komandalar üçün ən pis ssenarini nəzərə alacağımızı vurğuladığımızdan, burada da “Sabah”ın qazandığı 3 xalı 1 xalla əvəz edək.
Bu qeyd edilənlərdən başqa, “Sabah”ın oyunlarında hansısa rezonans doğuran qərar olmayıb. Bu matçlarda “Sabah” 9 xal qazanıb. Lehinə və əleyhinə verilən qərarlar olmasaydı, bu rəqəm 10 ola bilərdi. Yəni, itirilən xalı 1 kimi dəyərləndirə bilərik.
Hər iki komandanın oyunlarındakı mübahisəli epizodlara diqqət yetirdik. Və bu epizodları subyektiv yox, bu komandaların öz prizmasından nəzərdən keçirməyə çalışdıq. Bəlkə də, mübahisəli epizodlarda etiraz edən komandaların istəyinə, iddiasına uyğun qərarlar verilsəydi, “Sabah” “Qarabağ”ı 10 yox, 14 xal qabaqlayırdı. Amma hər halda, çempionat davam edir və qarşıda nələr olacağını zaman göstərəcək. Təki, heç bir komanda hakim səhvlərindən əziyyət çəkməsin. Qeyd etdiklərimizdən də göründüyü kimi, bu günədək “Qarabağ” da, “Sabah” da hakim səhvlərindən əziyyət çəkib, bəzi matçlarda isə əksinə, bu qərarlar onların rəqiblərinin ziyanına işləyib.
Bizi Facebook-da izləyin



