“Premyer Liqada çempionluq yarışı bitdi” – Mourinyo

Son olaraq “Mançester Yunayted”də çalışmış Joze Mourinyo İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində “Liverpul”un “Mançester Siti”ni 3:1 hesabıyla məğlub etdiyi oyundan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, Premyer Liqada çempionluq yarışının bitdiyini bildirib:

“Məncə, Premyer Liqada çempionluq yarışı bitdi. Qeyri-adi bir şey olmasa, “Liverpul”un çempionluq şansını əldən verməyəcəyini düşünürəm”.

Premyer Liqada keçirdiyi 12 turdan sonra xallarının sayını 34-ə çatdıran “Liverpul”, turnir cədvəlinin ilk pilləsində qərarlaşıb və “Mançester Siti”ni 9 xal qabaqlayır.