“Çelsi” və “Vest Hem” böyük məbləğdə cərimə olundu

İngiltərə Futbol Assosiasiyası (FA) “Çelsi” və “Vest Hem” klublarını çempionat oyununda baş verən kütləvi qarşıdurmaya görə cərimələyib.

Hadisə İngiltərə Premyer Liqası çərçivəsində keçirilən və “Çelsi”nin 3:2 hesablı qələbəsi ilə başa çatan qarşılaşmanın 96-cı dəqiqəsində qeydə alınıb. Epizod Adama Traore ilə Mark Kukurella arasında yaranan mübahisədən sonra alovlanıb və qısa müddətdə hər iki komandanın bir neçə futbolçusunun iştirak etdiyi dava ilə nəticələnib.

Qarışıqlıq zamanı Jan-Kler Todibo rəqib oyunçu Joao Pedronun boğazından iki əli ilə tutaraq, aqressiv davranış nümayiş etdirib. Oyunun baş hakimi Entoni Teylor əvvəlcə Traore və Joao Pedronu sarı vərəqə ilə cəzalandırıb. Daha sonra VAR-ın tövsiyəsi ilə epizodu monitor vasitəsilə yenidən izləyən referi Todiboya birbaşa qırmızı vərəqə göstərib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə Futbol Assosiasiyasının müstəqil intizam komissiyası hər iki klubun futbolçularının davranışına görə məsuliyyət daşıdığını müəyyən edib.

Bildirilib ki, “Çelsi” futbolçularının təxribat xarakterli davranışlarının qarşısını ala bilməyib, “Vest Hem” isə oyunçularının aqressiv və qeyri-idman hərəkətlərinə nəzarət etməyib. İttihamları qəbul edən London təmsilçiləri barədə qərar dinləmələrdən sonra açıqlanıb.

Nəticədə, “Çelsi” 325 min funt sterlinq, “Vest Hem” isə 300 min funt sterlinq məbləğində cərimələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button