“Kələfin ucunu itirən” “Kəpəz”, qeyri-sabit “Qəbələ”, toparlanan “Karvan-Yevlax”

Azərbaycan Premyer Liqasında mövsümün sonu yaxınlaşdıqca diqqət yalnız çempionluq yarışına yox, həm də aşağı sıralardakı mübarizəyə yönəlib. Artıq demək olar ki, zirvədə vəziyyət aydındır, ancaq autsayderlər zonasında üç komanda – “Kəpəz”, “Qəbələ” və “Karvan-Yevlax” arasında gərginlik son turlara qədər davam edəcək.

Mövsümə yaxşı başlamayan “Kəpəz” sonluqda da ciddi eniş yaşayır. Komanda ardıcıl uğursuz nəticələrlə özünü təhlükəli zonaya salıb. Xüsusilə, son turda “İmişli”yə məğlubiyyət (0:1) yalnız xal itkisi ilə yadda qalmadı. Oyundan sonra futbolçularla azarkeşlər arasında yaşanan qalmaqal komandada psixoloji durumun heç də yaxşı olmadığını göstərdi. Qapıçı Yusif İmanovla tribunadakı azarkeşlər arasında gərginlik bunun aşkar nümunəsi idi. Baş məşqçi Azər Bağırovun da etiraf etdiyi kimi, komanda əvvəlki “Kəpəz”ə bənzəmir.

Bu fonda maraqlı məqam ondan ibarətdir ki, Gəncə klubunu qarşıda yeni mərhələ gözləyir. Uzun müddətdir doğma meydandan uzaq düşən komanda növbəti mövsümdən yenilənən stadionunda, azarkeşləri qarşısında çıxış edəcək. Stadionda təmir-bərpa işləri artıq son mərhələdədir və qazonun döşənməsinə başlanılıb. Ancaq “sarı-göylər” elitada qalmasa, bu dönüşün elə də böyük anlamı olmayacaq.

Hazırda turnir cədvəlinin 11-ci pilləsində qərarlaşan “Qəbələ” isə gözləntilərin əksinə olaraq, qeyri-sabit mövsüm keçirir. Vaxtilə avrokuboklarda ölkəni təmsil edən, infrastrukturu Premyer Liqanın digər klublarına nümunə olan “qırmızı-qaralar” hazırda pley-off təhlükəsi ilə üz-üzədir. Komanda sona beş tur qalmış əsas rəqibi “Karvan-Yevlax”ı cəmi beş xal qabaqlayır. Bu fərq təhlükəsiz görünə bilər, amma qarşıdakı oyunların çətinliyi nəzərə alınanda vəziyyət heç də sadə deyil.

Ən maraqlı dinamika isə “Karvan-Yevlax”da müşahidə olunur. Mövsümün gedişində baş məşqçi Azər Həşimovla yolların ayrılması və komandanın qeyri-rəsmi şəkildə Füzuli Məmmədova tapşırılması fonunda Yevlax təmsilçisi uzun müddət diqqət çəkmirdi. Ancaq son iki turda qazanılan qələbələr vəziyyəti dəyişib. Xüsusilə, “Şamaxı” üzərində minimal hesablı qələbə (1:0) komandaya yeni nəfəs verib. Son iki oyundakı maksimum nəticə Məmmədovun yetirmələrini sanki həvəsləndirib. Füzuli Məmmədov da “Şamaxı”nı məğlub etdikləri oyundan sonra qələbələrin davamını gözlədiyini bildirib. Görünən odur ki, “Karvan-Yevlax”ın “nəfəsini hiss edən” “Qəbələ”nin işi heç də asan olmayacaq.

Qarşıdakı turlar hər üç komanda üçün həlledici olacaq. Təqvimə nəzər salsaq, ən vacib qarşılaşmalardan biri məhz “Karvan-Yevlax” – “Qəbələ” duelidir. Bu oyun birbaşa bu iki komandanın taleyini müəyyən edə bilər. Digər matçlarda isə vəziyyət daha çətindir: “Kəpəz”, “Qəbələ” və “Karvan-Yevlax”ı “Qarabağ”, “Sabah”, “Neftçi” kimi çempionluq və avrokuboklar uğrunda mübarizə aparan rəqiblərlə oyunlar gözləyir.

Hazırkı vəziyyətə görə, 10-cu pillədə olan “Kəpəz”lə (21 xal) “Qəbələ”nin arasındakı fərq cəmi iki xaldır. Bu isə bir turun nəticəsi ilə dəyişə biləcək balans deməkdir. “Karvan-Yevlax” isə son qələbələrlə rəqiblərinə “mesaj” göndərib ki, mübarizədən çəkilmək fikrində deyil.

Beləliklə, mövsümün sonuna doğru Premyer Liqada aşağı sıralarda maraqlı və gərgin mübarizə gözlənilir. “Kəpəz”in psixoloji çöküşü, “Qəbələ”nin qeyri-sabitliyi və “Karvan-Yevlax”ın yüksələn forması fonunda kimin elitada qalacağı sualı hələ bir müddət açıq qalacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button