“Oyunun bu cür münaqişə ilə yekunlaşmasının səbəbkarı birbaşa hakimdir” – MÜSAHİBƏ

“Neftçi” dünən Azərbaycan Premyer Liqasının 28-ci turunda “Zirə”nin qonağı oldu. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatdı.

Zirədə keçirilən qarşılaşmadan sonra “Neftçi”nin braziliyalı yarımmüdafiəçisi Breno Almeyda Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– Oyunla bağlı fikirlərini bölüşərdin.

– Düşünürəm ki, çox yaxşı oyun keçirdik. Neçə vaxtdır üzərimizdə işləyirik və məğlubedilməz davam edirik. Uğurlu nəticələr 1 faiz şansdadırsa, 99 faiz göstərdiyimiz əzmkarlığın hesabınadır.

– Son 10 dəqiqədə “Neftçi”yə nə olmuşdu?

– Son 10 dəqiqə bir az daha çətin keçdi. Bu cür oyunlarda belə gedişat normaldır. Bu artıq keçmişdə qaldı. Sabahdan etibarən qarşıdan gələn “Qarabağ”la oyun haqqında düşünməliyik.

– Qırmızı vərəqə aldın. Həmin epizodda nə baş verdi?

– İnanın ki, hələ də başa düşə bilmirəm. “Zirə”nin oyunçusunun (Junior Martins) hərəkəti çox pis davranışdır. Rəqibə qarşı belə hörmətsizlik etmək olmaz. Rəqib komandanın ehtiyat oyunçular skamyasının qarşısında belə davranmaqla insanları təhqir etmək yolverilməzdir. Mən deyərdim ki, onda xarakter çatışmazlığı var. Düşünürəm ki, hakim daha ədalətli davranıb, məndən fərqli olaraq onu cəzalandırmalı idi. Çünki təxribata çəkən o idi. Oyunun bu cür münaqişə ilə yekunlaşmasının səbəbkarı birbaşa hakimdir. Çünki o, nəzarəti əldən buraxmışdı. Hakim qərarlarının üzərində sərt dayanmalıdır. Onun verdiyi qərarlar sonluğun belə olmasına gətirib çıxardı.

– “Qarabağ”la oyunda olmayacaqsan. Yoxluğun komandaya necə təsir edəcək?

– Bizim çox keyfiyyətli heyətimiz var. Hamımız birmənalı olaraq baş məşqçimizə güvənirik və dediklərini yerinə yetiririk. Meydanda olmasam da, onların yanında olmuş kimi olacaq.

– Junior Martinsin səni “Qarabağ”la oyunlardan məhrum etdiyini demək olar?

– Bəli, razıyam. Qol vurub, istədiyi kimi onu qeyd edə, sevinə bilər. Amma bizə qarşı belə hörmətsizlik etmək düzgün deyil. Bizim ehtiyat skamyamıza tərəf gəlib bunu etməsi yolverilməzdir. Mən peşəkaram və heç vaxt özümə qarşı belə davranışı qəbul etmərəm. Biz bir ailəyik və mən imkan vermərəm ki, kimsə kənardan gəlib bizim ailəyə bu cür müdaxilələr etsin.

– Necə düşünürsən avrokuboklara “Zirə” gedəcək, yoxsa “Neftçi”?

– Bir faiz şans varsa, o da “Neftçi” olacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button