Qrizmann Neymar haqda: “Bu, çətin transferdir”

Bir müddət əvvəl 120 milyon avro qarşılığında “Atletiko”dan “Barselona”ya transfer olunan Antuan Qrizmann açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, PSJ-nin hücumçusu Neymarın Kataloniya klubuna transfer iddiası ilə bağlı sualı cavablandıran fransalı futbolçu, bunları deyib:

“Bu, çətin transferdir. Buna baxmayaraq, Neymar əla futbolçudur. O, bir neçə dəfə zədələnib, amma inanılmaz səviyyədədir. Həmçinin, Osman Dembele və Filippe Koutinyo kimi bizim üçün vacib olan futbolçularımız var və biz onlarla böyük uğurlar qazanacağımıza ümid edirik.

Mən də komanda üçün vacib rol oynayacağıma və bacardığım qədər kömək edə biləcəyimə ümid edirəm”.

Futbolçu, İngiltərə Premyer Liqası və sevdiyi komanda haqqında danışıb:

“La Liqada çox əylənirəm, Premyer Liqada isə belə şey çox olmur. İngiltərədə heyran olduğum komanda “Liverpul”dur. Onlar Premyer Liqanı qazanmağa layiqdirlər. Ümid edirəm ki, bir gün yenə bunu bacararlar”.