“Ondan gəldiyi gündən razıyam” – Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 22-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Vacib olan üç xal idi ki, onu da qazandıq. Birinci hissədə pis oynamadıq, əks-hücumlara imkan vermədik. İkinci yarıda bunu qola çevirməliydik. Çünki rəqib böyük üstünlüklə hücuma atılmışdı. Futbolçular zərbə vurmalı olduqları anda ötürmə verirdilər, ötürmə verməli olduqları anda zərbə vururdular. Keyfiyyət məsələsi ikinci yarıda özünü göstərdi. Futbolçularımı təbrik edirəm.

Kamran Əliyevi debütü münasibəti ilə təbrik etdim. Amma açıq deyim ki, Dieqo Karioka zədələnməsəydi, Kamran bu gün oynamayacaqdı. Fiziki durumu oynamağa imkan vermir. Bəlkə də, Dieqonun zədələnməsi Kamranın fiziki durumunu bərpa etməsini sürətləndirər, oynadıqca artırar. Yaxşı və pis oynasaydı da, birinci matçıdır, başa düşmək olardı. Kamrana uğurlar arzulayıram. Allah qoysa, daha çox xeyrini görərik.

Mən gələnə qədər heç qol da vurmamışdıq. Bunun səbəbi cərimə meydançasına qədər gedib çıxmamağımız, hücum qurmamağımız idi. Burada böyük problemlərimiz var idi. Gecəmiz-gündüzümüz məşqlərdədir. Fikrimiz cərimə meydançasına daxil ola bilməkdi. Sonluğu gətirmək futbolçulardan asılıdı. Bu gün də ikinci yarıda əziyyət çəkdik. “Neftçi” ilə oyunda 6-7 nəfərlə cərimə meydançasına daxil olurduq, amma son ötürmə, son vuruşlarda axsıyırıq. Düzəldəcəyik. Düzəlməsə, bunları edən oyunçular bizə mütləq lazımdır. Bununla nəticə qazanmaq istəyirik.

Masaki Muratadan gəldiyi gündən razıyam. Yarımmüdafiə xəttini gücləndirmək bir yana, deyərdim ki, düzəldib. Ondan çox razıyam. Murata kimi soyuqqanlı oyunçulara çox ehtiyacımız var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button