Ölkədə hamı işini “Qarabağ” kimi görsə…

Vüsal “Aydın” Qəmbərov

Oyundan öncə “Qarabağ”ın necə bir rəqiblə və situasiya ilə üz-üzə olduğunu anlamaq üçün rəqəmlərə və hadisələrə baxanda maraqlı mənzərəylə qarşılaşdım. “Braqa”nın püşk günündəki qədər “dişli” olmadığını, temp itirdiyini gördüm. Sonra da matçın ilk dəqiqələrində oyunun içində maraqlı bir məqamı müşahidə etdim ki, “Braqa”nın futbolçuları topun olduğu yerdə sürətli və kəskin olsalar da, topun olmadığı bölgələrdə çox passiv idilər. Belə komandalar hücumda təhlükəli olduğu qədər, müdafiədə və topsuz da zəif olurlar. Hər iki məqamı hətta sosial mediada da paylaşdım.

Oyun da bizə göstərdi ki, “Qarabağ” bu “Braqa”dan nəzəri olaraq daha zəif görünsə də, əslində zəka və taktiki cəhətdən daha üstün oyun göstərə bilər və bildi. “Köhlən atlar” dünən tarixi anları bizə yaşatdı və 15 fevralı sevimli günlərimiz arasına yazdı.

Oyunun son dəqiqələrində bu mövzuda fikirlərimi soruşan dostlardan birinə isə dedim ki: “Belə tez ancaq duyğu olar, fikir daha sonra”.

Dünənki qələbənin istisi, həyəcanı hələ də üzərimizdəykən dərin analitikadan danışmaq çətindir. Üstəlik, bir dəqiqə… Heç futbol analitiki də deyiləm axı.

Gəlin sizə öz sahəmə uyğun bir məqamdan danışım: idarəçilik və iş görməkdən.

Başlıqdan da aydın olduğu kimi, dünən ağlıma gələn ilk şey elə bu oldu. Həqiqətən, Azərbaycanda hamı olmasa da, əksəriyyət öz işini “Qarabağ” kimi görsə, necə gözəl olardı.

Vətənpərvərliklə… Bunu sözdə demək asandır. Amma həqiqətən, işinə vicdanla yanaşmırsansa, özünə vətənpərvər deməyin ikiüzlülükdən başqa bir şey deyil.

Layiqlik prinsipi ilə… “Qarabağ” Azərbaycan futbolunda layiq olana öz dəyərini verməkdə məxsusi nümunədir. İşini düzgün gör və buyur, bütün yollar sənindir…

Acgöz olmadan, qısa müddətli kiçik hədəflərə aldanmadan… Futboldakı pul imkanları çoxunun başını fırladıb. Bugünkü qələbəyə aldanan çox olub. “Qarabağ”ın bu mənada nə qədər özəl olduğunu klub içindəki bir mövqe bizə bir daha göstərir: “Nə yaxşı o vaxt “İnter”ə son saniyə qolumuz sayılmadı. Bəlkə də, o vaxt turu keçsəydik, bu qədər dayanaqlı iş görə bilməzdik”.

İşə sevgi ilə… Bunu anlatmağa ehtiyac varmı? Yoxsa pul sevgisindən başqa sevgi tanımayanları görməkdən bu bizə qərib gəlir?

Komanda ruhu ilə… “Qarabağ”ı bu və ya başqa səbəbdən tərk edən bütün legioner futbolçular dönüb Bakı günlərini həsrətlə xatırlayır. Komandadakı abu-havadan, gözəl dostluq mühitindən həsrətlə danışırlar. Buna Azərbaycanda nail olmaq necə möhtəşəm bir şeydir.

Ətrafın söz-söhbətinə qulağını bağlamaqla… Ümid edirəm bir gün insanlar başa düşəcək ki, özlərini vacib sayıb saysız-hesabsız “Qurban out” tipli çağırışları bir nəticə verən deyil. Şahruddin Məhəmmədəliyevi də sizə görə yola salmadılar. Siz də elə olun. Ətrafdakıların səs-küyünə görə istiqamət müəyyən etməyin. İş nəyi tələb edirsə, onu etməliyik.

Səbr və təmkinlə… Dünən səhifələrdən biri 4-cü qoldan sonra Qurban hocanın necə emosiyasız reaksiya verməsini paylaşıb. Bəli, bu sakitlik insanı güclü edir, kiçik qələbələrə aldanmırsan və hər zaman bir addım sonraya hazır olursan. Özümüzü aldatmayaq…

Bunlar “Qarabağ”dan almalı olduğumuz əsas dərslərdir. Bundan başqaları da mütləq var. Əsas odur, o dərsləri xalq olaraq götürək və işimizi daha dəqiq, daha peşəkar görək. O zaman İsveçrə də, Sinqapur da elə öz ölkəmizdə olacaq.

Bir qeyd… Gələn həftə Bakıda hər şey yenidən dəyişə bilər. Bizim 15 dəqiqədə yaxaladığımız və üç qol vurduğumuz o dalğanı rəqib yaxalaya bilər. “Qarabağ” uduza, hətta turnirdən kənarlaşa bilər. Amma bunlar bu gündür. “Qarabağ” isə ümid edirəm və inanıram ki, dəyişən deyil. Yuxarıdakı prinsiplərə sadiq qalıb hələ bizi çox sevindirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button