Olimpiadaya 3 karateçi ilə

Azərbaycan karateçiləri Tokio Yay Olimpiya Oyunlarına vəsiqələrin sayını üçə çatdırıblar.

Komanda.az xəbər verir ki, Rafael Ağayev (-75 kq) və İrina Zaretskanın (+61 kq) ardından, Parisdə olimpiya lisenziyalı son turnirdə Firdovsi Fərzəliyev (-67 kq) bürünc medalla yanaşı Olimpiadaya lisenziyaya da sahib olub.

Kişlərin kumite üzrə baş məşqçisi Qurban Tağıyev və böyük məşqçi Şahin Xudaverdiyevin, həmçinin qadınların baş məşqçisi Denis Morozov və kata üzrə baş məşqçi Vahid Ayvazovun Paris olimpiya təsnifat turnirində müşayiət etdiyi digər idmançılardan İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), Asiman Qurbanlı (+75 kq), Roman Heydərov və Neda Rezai (hər ikisi kata) isə medalçılar və olimpiada iştirakçıları arasına düşə bilməyiblər.

Turnirdə 98 ölkədən 500 karateçinin olimpiya vəsiqələri uğrunda mübarizəsini idarə edənlər arasında beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da yer alıb. “Pyer de Kubertyen” arenasında yarışın hər kateqoriyasında ilk üçlük olimpiya lisenziyaları qazanıb.

Qeyd edək ki, Tokio 2020-nin iştirakçılarından ilk 40 idmançının adları Dünya Karate Federasiyasının (WKF) rəsmi yarışlarında xüsusi olimpiya reytinqinin ilk 4 pilləsi ilə təyin edilib. Daha 24 idmançı Fransanın paytaxtında xüsusi olimpiya lisenziya turnirində vəsiqə qazanıb. 12 əlavə olimpiya vəsiqəsi isə müvafiq olaraq qitə nümayəndəliklərinə veriləcək. Qalan 4 karateçiyə olimpiya vəsiqələri Üçtərəfli komissiyanın dəvəti ilə veriləcək.

Tokio 2020 Olimpiadasında 80 karateçi yarışacaq, onlardan 60 nəfəri kumitedə, 20 idmançı isə kata çıxışlarında mübarizə aparacaq. Tokio Olimpiadasının karate yarışları 5-7 avqustda Nippon Budokan mərkəzində keçiriləcək.