Nooldu, Mahir?

Polşa “Legiya”sından ayrılmağı inadla istəyən, bunu qarşısına məqsəd qoyan Mahir Emrelinin Türkiyənin “Başakşəhər” klubuna keçəcəyi gözlənilir. Hətta İstanbul təmsilçisinin Azərbaycan milli komandasının hücumçusu üçün “Legiya”ya 750 min avro təklif etdiyi, qarşı tərəfin hələ ki, bunu qəbul etmədiyi deyilir.

Emrelinin hələ “Qarabağ”da forma geyinəndə də karyerasını Rusiya, Türkiyə kimi ölkələrdə davam etdirmək imkanı var idi. Amma o vaxt həm futbolçunun özünün, həm də ona yaxın şəxslərin açıqlamalarından belə anlaşılırdı ki, Mahir üçün prioritet Türkiyə və Rusiya deyil. Əslində, düzgün yanaşma da bu idi. Emreliden çox əvvəl, çox sayda azərbaycanlı futbolçu karyera yaşamaq üçün Türkiyəyə də üz tutub, Rusiyaya da. Ancaq ötən əsrin 90-cı illərini çıxmaq şərtiylə, sonrakı dövrlərdə bu ölkələrə gedən azərbaycanlı futbolçulardan demək olar ki, heç biri uğur qazana bilməyib. Elə Rusiya-Türkiyə “marşrut”u üzrə hərəkət edib, hazırda “Qarabağ”da forma geyinən Ramil Şeydayevi xatırlamaq bəs edər.

Məsələ təkcə bu da deyil. Hazırda Türkiyə futbolu enişdədir, hətta dibdədir. Mahiri transfer etmək istədiyi deyilən klublar – “Başakşəhər”, ya da “Sivasspor” hazırda onun Avropa arenasına çıxmasında müstəsna rolu olan “Qarabağ”dan daha yaxşı deyil. Bu, birmənalıdır. Lap bütün bunları da keçək, görməzdən gələk. Ortada acı bir həqiqət var: Mahir Polşaya getməzdən əvvəl “olmaz” dediyi Türkiyə Super Liqasına indi çıxış, xilas yolu kimi baxır. Futbolçunun vaxtı ilə Türkiyə və Rusiya kimi variantları yaxına buraxmadığını onun keçmiş meneceri Tural Əsgərov da təsdiqləyir:

“Mahirlə bağlı məlumatları mən də görmüşəm. “Başakşəhər” və “Sivasspor”un adı çəkilir. Mahirə “Legiya”dan əvvəl Türkiyədə müəyyən maraqlar var idi. Lakin Mahir və mən düşünürdük ki, o, “Qarabağ”dan sonra Avropada oynamalıdır. Çalışırdıq ki, birinci Qərbi Avropa, alınmasa, Mərkəzi Avropadan bir kluba keçsin. Sonda da elə gətirdi ki, Şərqi Avropa klubuna keçdi. O vaxt biz Rusiya və Türkiyə kimi variantları yaxına buraxmırdıq. Maraqlar var idi, amma biz bunun təklifə çevrilməsini istəmirdik”.

Bax, burda bu sualın yeri var: Nooldu, Mahir?

Emrelinin başına gələnlərdə sadəcə özü günahkardır. Peşəkar menecerlərdən uzaqlaşıb, tipik azərbaycanlı düşüncəsi ilə, futbolçu karyerasını ailə karyerasına çevirməkdən tutmuş, “Legiya”da oynadığı dövrdə verdiyi açıqlamalara, səbirsizliyinə, dözümsüzlüyünə kimi. Özü yıxılan ağlamaz deyiblər. Amma təəssüf ki, Mahirin “Legiya” ilə yaşadığı qalmaqal təkcə onun özünə təsir etməyəcək. Gələcəkdə karyerasını Avropada davam etdirmək istəyən başqa mahirlər – azərbaycanlı futbolçular olanda “Legiya” ilə yaşananlar xatırlanacaq. Xülasə, Emrelinin etdikləri bütün azərbaycanlı futbolçuların “dosye”sinə yazılır – qalmaqallı, klubla müqaviləyə hörmət etməyən və sair və ilaxır. Hə, təbii ki, Polşa klubu da avtobusa doluşub futbolçuları döyən azarkeşlərinə görə az şey itirməyəcək, imicinə zərbə olacaq. Amma bizim məsələmiz Mahir Emrelidir. Həmin Mahir Emreli ki, artıq uzun zamandır oynadığı futbolla yox, qalmaqalla həm Azərbaycan, həm də Polşa mətbuatının gündəmini zəbt edib. Uğura ac, həsrət qalan, könlünü futbola verən azərbaycanlı azarkeşlərin istədiyi, arzuladığı isə şou, qalmaqal deyil…

Kürşad