“Hər kəs “Qarabağ”ın bu seriyasına son qoymaq üçün xüsusi motivasiyalı idi” – Buqrin

“Neftçi”nin futbolçusu Sabir Buqrin Belçika mətbuatına açıqlama verib.

Komanda.az “hln.be” saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi, Premyer Liqanın 28-ci turunun “Qarabağ”la matçı (1:0) haqda danışıb:

“Bir futbolçu olaraq hər gün məşq edirsən. Oyundan əvvəl stressli deyildim. “Qarabağ” ardıcıl 7 dəfə çempion olmuşdu və hər kəs “Qarabağ”ın bu seriyasına son qoymaq üçün xüsusi motivasiyalı idi. Çətin oyun oldu. “Qarabağ” topu özündə saxlamağı sevən və topu itirəndə isə təzyiq göstərən komandadır. Yavaş-yavaş oyuna qoşulduq və nəzarəti ələ aldıq. Sonda qazanan biz olduq”.

Buqrin, Ahmed Ahmedovun son dəqiqədə vurduğu qol zamanı yaşadıqları sevinc haqda bunları deyib:

“Qol anı? Önə çıxan müdafiəçimiz hava mübarizəsindən qalib ayrıldı. Bundan sonra top hücumçumuzun ayaqları altına düşdü. O isə sərt zərbə endirdi. Ardınca görünməmiş sevinc yaşadıq. Oyunçular hər tərəfə qaçdılar. Bundan sonra rəqib futbolçuların hamısı bir müddət cərimə meydançamız tərəfdə idi. Çünki “Qarabağ” bərabərlik qolu axtarırdı. Biz öz yerimizi tutduq və final fitindən sonra qələbəni qeyd etməyə başladıq. Bu hisslər sözlə ifadə olunmaz”.

Sabir, Belçikadan bir neçə klubun onunla əlaqə saxladığını da qeyd edib:

“Futbolda hər şey sürətlə gedir. Belçikadan bir neçə klub bizimlə əlaqə saxlayıb, lakin hələ heç nə dəqiqləşməyib. İndi istirahət edirəm, həyat yoldaşımla birlikdə evə gələcəm və nələrin baş verəcəyini görəcəyik”.

“Neftçi” Azərbaycan Premyer Liqasında mövsümün qalibi olub. Buqrinin “Neftçi” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir. Yarımmüdafiəçi “ağ-qaralar”la Premyer Liqada 25 oyunda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button