
Hakimin səhv qərarına görə cəzalanan “Neftçi” apellyasiya şikayəti verəcək?
“Neftçi” Azərbaycan Premyer Liqasının 28-ci turunda “Zirə”nin qonağı oldu. Oyunun ilk dəqiqələrindən üstünlüyə malik olan “ağ-qaralar” istəklərinə yalnız 63-cü dəqiqədə nail oldular. Komanda avrokuboklar yarışında əsas rəqiblərindən olan qəsəbə təmsilçisini İmad Faracın qolu ilə meydanın mərkəzinə dəvət etdi. Bundan sonra üstünlüyü “Zirə” ələ keçirdi. Rəşad Sadıqovun komandası ardıcıl hücumlardan sonra nəhayət, hakimin ikinci hissəyə əlavə etdiyi dəqiqələrdə Brahima Konatenin qolu ilə hesabı bərabərləşdirdi – 1:1.
“Zirə”nin qolundan sonra meydanda gərginlik artdı. “Neftçi” tərəfi baş hakim İnqilab Məmmədova dəfələrlə qolun oyundankənar vəziyyətdən vurulduğunu bildirsə də, o, qərarında qəti idi. “Ağ-qaralar” onu VAR-a dəvət etsələr də, fikrindən döndərə bilmədilər. Yekunda qol qeydə alındı və bununla da, “Neftçi”nin vacib 2 xalı əlindən alındı.
Hakimin qərarına etiraz edən “Neftçi”nin baş məşqçisi Yuri Vernidub və köməkçisi Dmitro Kara Mustafa, futbolçu Breno Almeyda birbaşa qırmızı vərəqə aldı. Bundan əlavə, “ağ-qaralar”ın azarkeşlərinin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsi, meydana kənar əşyalar atması və qırımızı vərəqlər fonunda AFFA İntizam Komitəsi klubu nə az, nə çox, 26200 manat cərimələdi.
Əldə etdiyimiz məlumata görə, “Neftçi” bu cəzalara görə apellyasiya şikayəti verməyəcək, çünki bunun İntizam Komitəsinin qərarını dəyişməyəcəyinə inanırlar. Amma eyni zamanda, Bakı klubu İntizam Komitəsinin ən azı azarkeşlərə görə cərimə (8000+4500 manat) tətbiq etməyəcəyinə ümid edib. Çünki onlar haqlı olaraq, elə hesab ediblər ki, azarkeşlərin davranışına səbəb baş hakim İnqilab Məmmədovun verdiyi yanlış qərarlar olub. Hətta AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov də epizodu şərh edərkən İnqilab Məmmədovun yanlış qərar verdiyini etiraf etdi. Belə çıxır ki… Hətta, belədir: “Neftçi” sadəcə, Məmmədovun səhvlərinin cəzasını və cəriməsini ödəyəcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



