“Neftçi”, “Zirə” və “Qəbələ”nin cavab matçlarının da hakimləri bəlli oldu

Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarının da hakim təyinatları açıqlanıb.

Komanda.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edəcək “Neftçi”, “Zirə” və “Qəbələ”nin də oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.

“Neftçi”nin Kiprin “Aris” (Limassol) komandasına qarşı keçirəcəyi cavab matçı almanlara tapşırılıb. Görüşün baş hakimi Bastian Dankert olacaq. Ona yan xətt hakimləri Yan Zaydel və Eduard Baytinqer kömək edəcək. Dördüncü hakim funksiyasını Sven Yablonski yerinə yetirəcək. “Neftçi” – “Aris” matçı iyulun 28-də, saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.

“Zirə”nin İsrail təmsilçisi “Makkabi”yə (Təl-Əviv) qarşı keçirəcəyi cavab görüşündə Xorvatiyadan olan ədalət təmsilçiləri iş başında olacaq. İyulun 28-də İsraildə baş tutacaq qarşılaşmada əsas söz sahibi Mario Zebetsə həmyerliləri Hrvoe Radiç və Luka Puşiç yardım edəcək. Matçın ehtiyat hakimi Fran Yoviç olacaq.

“Qəbələ”nin Macarıstan “Fehervar”ı ilə cavab görüşü isə Avstriyadan olan hakimlərə tapşırılıb. Bu görüşdə baş hakim Kristofer Jaqer olacaq. Ona yan xətt hakimləri Robert Steynaxer və Santino Şreyner kömək edəcəklər. Dördüncü hakim Markus Hameter olacaq.

Bu görüşlərin hamısı iyulun 28-də keçiriləcək. İlk qarşılaşmalar isə ayın 21-də baş tutacaq.