“Neftçi” üçün hər şey çox çətin görünür” – AÇIQLAMA

Azərbaycanı avrokuboklarda təmsil edəcək klubların rəqibləri artıq müəyyənləşib. “Qarabağ” UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln”, Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsində olan “Neftçi” “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus), “Sabah” “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi, “Qəbələ” isə Kipr klubu “Omoniya” ilə üz-üzə gələcək.

İyunun 15-də start götürən yay transfer pəncərəsində Azərbaycan təmsilçiləri də heyətlərini gücləndirməyə çalışırlar. Aparılan transfer çalışmaları, komandaların hazırkı vəziyyəti ilə bağlı tanınmış futbol meneceri Vaqif Heydərlinin fikirlərini öyrəndik.

O, Komanda.az-a açıqlamasında Ağdam təmsilçisinin transferlər etmədən də “Linkoln”u keçə biləcəyini deyib:

“Qarabağ” ilk mərhələni – Cəbəllütariq təmsilçisi ilə qarşılaşmanı transferlər etmədən də rahatlıqla keçə bilər. İllərdir ki, heyəti qorumağa və 1-2 transfer həyata keçirməyə çalışırlar. “Qarabağ”ı yaxşı tanıyırıq. Böyük ehtimalla, daha da güclənmək istəyəcəklər. Məncə, onlar 1-2 keçidlə kifayətlənməyəcəklər. Hər zaman olduğu kimi, hamımız “Qarabağ”dan qrup mərhələsinə vəsiqə qazanmağı gözləyəcəyik. İnanırıq ki, bunu bacaracaqlar”.

Heydərli, “Sabah”ın da hazırkı heyətlə növbəti mərhələyə vəsiqə qazana biləcəyini söyləyib:

“Sabah” son illər inkişafda olan komandadır. Heyətləri də kifayət qədər güclü və keyfiyyətlidir. Nəinki “Sabah”a, istənilən komandaya güclənmək həmişə lazımdır. Nəzərə almalıyıq ki, onlar tarixdə ilk dəfə avrokuboklara vəsiqə qazanıblar. Hazırkı futbolçularla da ilkin mərhələni keçməyə qadirdilər. Lakin böyük ehtimalla, yeni transferlər olacaq”.

Vaqif bəy, “Aleksey Kaşukun ayrılmasını “Sabah” üçün ciddi itki hesab etmək olar” sualını belə cavablandırıb:

“Əlbəttə, Aleksey Kaşuk “Sabah”ın önəmli simalarından idi. Nə üçün “idi” deyirəm? Çünki onun klubla müqavilə müddəti sona çatıb. O, artıq “Şaxtyor”un (Donetsk) futbolçusudur. Doğrudur, “Sabah” üçün Kaşuksuz çox çətin olacaq. Bütün hallarda, daha da irəliyə getmək üçün “Sabah”a transferlər lazımdır”.

O, hazırda “Neftçi”də mövcud olan qarışıqlığı Azərbaycan futbolu adına heç də yaxşı dəyərləndirməyib:

“Neftçi”nin bu cür vəziyyətə düşməsi futbolumuzun adına yaxşı hal deyil. Çünki “Neftçi” bizim önəmli klublarımızdandır. Xatırlayırsızsa, ötən il avrokubok matçlarından öncə də bu cür qeyri-müəyyənlik var idi. Əlbəttə, bu vəziyyət komandaya çox çətinlik yaradacaq. Hələ də baş məşqçi məsələsi həll edilməyib, yeni transferlər barədə sadəcə söz-söhbətlər var. Ümid edək ki, ən qısa zamanda bu problemləri geridə qoyacaqlar: həm komandanın çalışdırıcısı müəyyənləşəcək, həm də heyəti gücləndirəcəklər. İndiki halda “Neftçi” üçün hər şey çox çətin görünür”.

FİFA meneceri “Qəbələ”dən ayrılan futbolçuların adlarını xatırladaraq, “Omoniya”nın bölgə təmsilçisi üçün indiki məqamda çox güclü rəqib olduğunu bildirib:

“Qəbələ” Ahmed Ayzaya ilə yanaşı, Zurab Oçiqavanı da heyətinə qatıb. Təbii ki, klubdan gedənlərin fonunda bu, çox azdır. “Qəbələ” üçün çox böyük itkilər oldu: İsnik Alimi, Ruan Renato, Rafael Utziq, Felipe Santos, Ramon Maçado… Nəzərə almaq lazımdır ki, zədəli futbolçular da var. Məsələn, Asif Məmmədov. Bu səbəbdən, “Qəbələ” çox çətin vəziyyətdədir. Digər klublarımızla müqayisə etsək, görə bilərik ki, ən güclü rəqib məhz “qırmızı-qaralar”a düşüb. Çox çətin olacaq. Onlar qısa zamanda transferlər etsələr də, futbolçuların uyğunlaşması zaman alacaq. “Omoniya” daha güclü, oturuşmuş heyətə malikdir”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button