“Neftçi”, Rusiyaya getmə!

Rəşad Ergün

Rusiyanın “Zenit” klubu “Neftçi”yə yayda təşkil etməyi planlaşdırdıqları turnirdə iştirak üçün dəvət göndərib. Bakı klubundan başqa, Türkiyənin “Fənərbaxça”, Serbiyanın “Srvena Zvezda” komandalarının da turnirdə iştirakı gözlənilir.

“Neftçi” rusların dəvətini qəbul etməlidirmi?

  • Rusiya qoşunları Ukrayna torpaqlarına soxulub, işğal edib;
  • Rusiya hərbçiləri Ukraynada minlərlə uşağı, yaşlını, qadını, dinc sakini öldürüb, əsir götürüb;
  • Rusiya dövləti bizim hamımızın böyük vətənini – planeti nüvə silahları ilə təhdid edir;
  • Rusiya Azərbaycana həmişə “arxa baxça”si kimi baxıb, futboldan tutmuş, bütün sahələrdə. Ruslar istəyir deyə, təşkilinin arxasında Allah bilir hansı niyyət dayanan turnirə Azərbaycanın ən köklü klubu “baş üstə” deyib getməməlidir;
  • Rusiya Azərbaycan cəmiyyətinin azad, demokratik dünya ilə arasında suyun qarşısını kəsən div kimi dayanıb;
  • Rusiya Azərbaycanın rüşvət, korrupsiya bataqlığında inildəməsinin əsas “bəstəkar”ıdır;
  • Rusiya Azərbaycanı iki qanlı müharibəyə – Qarabağ müharibələrinə məcbur edən baş ssenaristdir;
  • Qarabağ müharibələrində öldürülən bütun azərbaycanlıların taleyinə Kremldə qərar verilib;
  • Rusiya bu gün bütün sivil ölkələr tərəfindən qınanılır, dışlanır, bu, bir növ mənəvi cəza kimidir;
  • Hətta uzaq Afrikada belə, ruslarla futbol meydanında görüşmək istəmirlər. Bir neçə gün əvvəl rusların yoxlama oyunu keçirmək istəyinə Kamerun Futbol Federasiyasından qətiyyətlə “olmaz” cavabı verilib;
  • “Fənərbaxça” rəhbərliyinin əli körpələrin qanına batan Vladimir Putinə rəğbəti əvvəldən məlum idi. “Srvena Zvezda” ilə məsələ də aydındır. Bəs “Neftçi” niyə dünyanı cəhənnəmə çevirməklə hədələyən işğalçı ruslarla yoldaş olmalıdır, onların yoldaşlıq turnirinə qatılmalıdır?

“Neftçi” bu turnirdən imtina etməlidir, bütün sivil dünya, rus əsgərlərinin öldürdüyü körpələrin, qadınların, yaşlıların, günahsız bütün insanların adına imtina etməlidir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button