
“Neftçi” olanlardan dərs çıxarmalıdır, yoxsa…
Vüsal “Aydın” Qəmbərov
Vensan Abubakarın “Neftçi”dəki “qırx”ı çıxdı. Və artıq bu haqda yazmaq olar.
“Neftçi” karyerasının sonuna yaxınlaşmış kamerunlunu səs-küylə Bakıya gətirəndə “Qarabağ”a göz dağı verənlər belə, var idi. “Transfer belə olar”, “Hücumçu almaq lazımdır”ların biri bir qəpikdən havada gəzirdi. Köhnə “Neftçi”nin qayıdışını gözləyənlərdən bəziləri bu transferlə ümidləndi və həyəcanlandı. Sağ olsun, Vensan müəllim də ilk oyundaca qol və ötürmə, ikinci oyunda qol, dalınca yenə qol… Dedilər ki, “vsyoo e” gəldi xilaskar.
Seriyanı “Qarabağ” dayandırdı və Abubakar son beş oyunda cəmi bir qol vurub ki, o da yenə uduzduqları oyunda “İmişli”yə. Hə, daha öncə də, çempionatda “Qəbələ” və “Kəpəz”ə, kubokda MOİK-ə vurmuşdu. Kasıbın olanından…
Yəni, “dişli rəqiblər”dən “Qarabağ”, “Turan Tovuz”, “Zirə”, “Sabah”la oyunlarda reallıq ortaya çıxdı.
Məsələ orasındadır ki, “Neftçi”nin dərdi bir Abubakarla “müalicə” olunası deyildi və deyil. Keysuke Hondanın, Emil Mpenzanın olmadığı kimi.
Bəzən mövzunun peşəkar idarəetmədə olduğu deyilir. Əslində, “Neftçi”nin qərarvericiləri kifayət qədər keyfiyyətli idarəçilərdir. Amma idarəetmə sadəcə 1-2 nəfəri gətirib klubu ona tapşırmaqdan ibarət deyil. Sözü uzatmadan demək lazımdırsa, “Neftçi”də çoxbaşlılıq var ki, bu olduğu müddətcə nəyinsə düzəlməsi çətindir. Hazırda klubda üç ayrı “cəbhə” öz gündəmini yeritməyə çalışır və onlar bir vahid hədəf və məntiqdə birləşmədiyi müddətdə də ancaq bir-birlərinə mane olmağa davam edəcəklər. İdarəetmə isə davamlılıq və məqsədyönlülük istəyir. “Neftçi”nin resurslarının 20-25 faizi ilə “Zirə”nin daha yaxşı nəticələr göstərməsi sırf bu səbəbdəndir.
O vaxt Abubakar gələndə idman ictimaiyyəti ikiyə bölündü: alqışlayanlar və “belə getməz” deyənlər. İlk oyunlardakı qollardan sonra alqışlayanlar cuşa gəldi. Amma zaman hər şeyi həll edir. Bu “Neftçi”nin Abubakarla-filanla ancaq özünü və azarkeşini aldadacağını görməmək üçün kor olmaq lazımdır. Ölkənin ən köklü futbol klubuna hadisələrdən dərs çıxarmaq və nəhayət, doğru məntiqlə idarə olunmaq lazımdır. Yoxsa, elə ancaq bəziləri varlanacaq, biçarə “Neftçi” azarkeşinə isə “Qarabağ”a baxıb köks ötürmək qalacaq…
Bizi Facebook-da izləyin



