Xalqın komandasını “xalxın komandası”na çevirənlər: “Neftçi” – Bordin ayrılığına sözardı

“Məncə, onlar əsl “Neftçi” azarkeşləri deyildi. Hiss olunurdu ki, öyrədilmiş hərəkət idi”. Roberto Bordin bu sözləri deyəndə hələ “Neftçi”nin baş məşqçisi idi. Azərbaycan Premyer Liqasında cari mövsümə yenicə start verilmiş, “ağ-qaralar” ilk turda “Sabah”la oyunda 1:1 hesablı heç-heçə etmişdi. Azarkeşlər isə Avropa Liqasındakı uğursuzluqdan sonra “Neftçi” rəhbərliyinə və baş məşqçi Roberto Bordinə çox hirsli idilər. Onda yəqin ki, italiyalı məşqçinin ağlına da gəlməzdi ki, klub rəhbərliyi onu qış fasiləsində yola salacaq. Həmin oyundan sonra da “Neftçi”nin xeyli uğursuz oyunları oldu, komanda ölkə kubokundan rüsvayçılıqla – qol vurmadan kənarlaşdırıldı. Nəhayət, bir neçə gün əvvəl paytaxt klubunun rəhbərliyi Bordini göndərib, komandanı mövsümün sonunadək “ağ-qaralar”ın məşqçisi Füzuli Məmmədova tapşırdı.

Bordinin göndərilməsinə sosial şəbəkədə maraqlı reaksiyalar oldu. Komanda.az idman jurnalistlərindən və futbol adamlarından bəzilərinin Bordinin “Neftçi”dən ayrılması ilə bağlı paylaşımlarını təqdim edir:

Saleh Arslan (jurnalist)

“Gəldin də, niçin pəmbə buludlar kimi axdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

Və ya…

Hamı günahkardır “Neftçi”də, ancaq
Bircə “qaquliklər”in günahı yoxdur…”

Kənan Məstəliyev (jurnalist)

“Bir məşqçini necə səhv göndərmək olar” sualının ideal cavabı Bordinin məsələsidir. Ciddi idarəetmə səhvidir, ki, bu da bu rəhbərliyi nəzərə alanda gözlənilməz hal deyil. Nə qədər elədim, təlim-məşq toplanışının düz ortasında məşqçinin dəyişdirilməsi faktını xatırlaya bilmədim. Bilməzdim də, çünki olmayıb, nonsensdir. Bordinin sonuna çox qalmadığını hamı bilirdi, başa düşürdü, qalmışdı yalnız faktın əyani təsdiqini tapması. Ona görə də, bu qərar ya toplanış başlamamışdan qəbul olunmalı və yeni gələnə azından “tammetrajlı” toplanış şansı verilməli, ya da Bordin davam edərək ikinci yarıdakı mümkün uğursuzluğu fonunda göndərilməli idi. Daha toplanışı başladıb, ortasında, yoxlama matçında uduzdurub yola salmaq rəsmən biabırçılıqdır.

İndi nə olacaq? Heç nə. Bu mövsüm batdı. “Qarabağ”ı “taxt”dan salmağa 3-5 faiz şans qalmışdı, o da əldən çıxdı. Yeni gələn məşqçi haqlı olaraq deyəcək ki, mən bu komandanı tanımıram, normal toplanış keçməmişəm, ona görə də, nəticəyə söz vermirəm. Lap çempionatı tanıyan Qriqorçuk da olsa, lap bunları açıqda dilə gətirməsə belə, hamı anlayacaq, belədə də təzyiq az olacaq. Təzyiq və tənqid olmayan yerdə isə nəticə olmur. Xüsusilə də, “Neftçi” kimi klubda, komandada”.

Vüsal Mahmudov (jurnalist)

“Hə, indi daha maraqlı olacaq. Necə razı salındığını, hansı şərtlərlə göndərildiyini müzakirə edin, İcraiyyə Komitəsinin siyahısı yaddan çıxsın. Bu zamanlamanı gözləyirdim”.

Ceyhun Rzayev (jurnalist)

“Bordinin yerinə heç kimi gətirməyəcəklər. Füzuli Məmmədovla mövsümü başa vuracaq “Neftçi”. İkinci pilləni tutsalar, yayda Məmmədovun baş məşqçi təyin olunmasına çalışacaqlar. Ağıllı ge”işdir”.

Əli Sahib (jurnalist)

“Neftçi”də növbəti günah keçisi tapıldı. Nə dəyişəcək ki? Klubda idarəetmə problemi var. Başda klub rəhbərliyi olmaqla, bütün departament və şöbə rəhbərləri getməlidir ki, “Neftçi”də “qan dövranı” normallaşsın. Nə qədər ki, “tromblar” klubdan getməyib, heç bir uğurdan söhbət gedə bilməz. Xalqın komandasını “xalxın komandası”na çevirənlər getməyincə, heç nə dəyişməyəcək. Qriqorçuk yox e, lap Klopp gəlsə belə… Gündüz mətbuatda gedən xəbərlərlə məzələnirlər, axşam məşqçini yola salırlar. Ölün yerə girin. Dəvəquşu kimi başınızı qoruyursuz, dalınızdan xəbəriniz yoxdur”.

Tahir Süleymanov (“Neftçi”nin keçmiş vitse-prezidenti)

“Hər bir klubda peşəkar addımlarla yanaşı, sağlam mühitin yaradılması, formalaşması, gələcək qələbələrin, uğurların müjdəçisidir. Köklü, iddialı, tarixi klublarda isə hər bir incəliyə fikir verilməsi mütləqdir…

“Sumqayıt”la növbəti kubok faciəsindən sonra bahalı “inomarkalar”da gəzib-dolaşıb, yaxşıca yeyib-içdikdən, istirahət edib qayıtdıqdan sonra, mədəni dillə desək, Bordinin səsli gülüşləri ilə nasaz “maşın”ın “qapazaltı” olması ictimaiyyətə təqdim edildi. Komandanın hansı gününə gülünür..?!

Bu cür “təbliğat”, “pereboy” işləyən maşının necə idarə olunduğunu göstərir, komandaya münasibəti formalaşdırır, qarşıdakı oyunlara anti-zəmin yaradır. Futbol psixologiyasını dərindən bilməyənlər elə düşünürlər ki, yaxşı bir iş görürlər, klubdakı “sağlam” atmosferi ictimaiyyətə göstərirlər. Klub/komandanı lağ-lağıya çevirənlər “Maşınsazi”dən gələn futbolçuya “boyunu yerə soxmayasan, maşınımız “saz” deyil, hara gəlmisən?” mesajını verdi. Yeni gələn də “maşın”ın heç “traktor” olmadığını elə ilk yoxlama oyununda əyani görmüş oldu…

Klub rəhbərliyi, nasaz maşını “sığortalaya-sığortalaya” kütlə psixologiyasına işləyib millətin başını qatır, reallıqda isə Dario vaxtilə etiraz edib “maşın”ın qapısını rəsmilərin üzünə çırparaq gedib-qayıtdıqdan sonra, indi də başı baş “sürücü”ylə “maşın”ı düz sürmürsən”ə, qarışıb…

Monroz nasaz maşında “texpasportun”u itirir, ödənişli Platellasa ön sıralarda “sideniya” tapılmır, “baqaj”da saxlanılır, “Maserati” adıyla “palaturka” liqasından gətirilmiş Sansoneyə qurban verilən Mirabdulla Bayıl “astanovka”sından yenidən “maşın”a mindirilir. Petrov rahat “oturacaq”da oturduğuna görə “maşın”dan düşürülür, “xoş getdin” deyilir, hər “dayanacağ”a 5 dəqiqə qalmış qapı ağzına keçib “konduktorluq” edən Mboj, ukraynalının yerində, artıq özləri üçün “otuzdurulur”. Canını komandaya fəda edən fanatları Dabo, “peredok”u tökülmüş maşının pəncərəsindən təhqir edir, rəhbərlik isə “dalni faralar”ı azarkeşlərin üstünə yönəldir, gözlərini qamaşdırır, fransızın 20 dəqiqəlik “pavorotnik”ini yandırır. İngilis direktor “paçkalar” qazana-qazana, “badımçan” taksilərində gəzə-gəzə, Bakını seyr edə-edə kef edir, qəpik-quruşa işləyən, maşının altını-üstünü təmir edən yerli məşqçilərin yetişdirdiyi Musa Qurbanov atasının yanına, hazır “maşın”ı sürməyə göndərilir. İşlək mexanizm, saz maşından çıxmış Rahil Məmmədov “Qarabağ”da çempionluqlar yaşayır, “kardannı val”ını itirən nasaz maşın isə afrikalı gəncləri bəsləyir, klub/milli, havadarları üçün gələcək “rulevoylar” düzəldir…

“Motor” artıq yağ yeyir, üst-başı bulaşır, “maşın” qara tüstülərdən görünməz hala salınır… Rəhbərlik də ehtiyatda oturan bir ödənişli legionerin 1-2 aylıq maaşına bərabər “sponsorluq” müqaviləsi ilə “palirovkalı” kostyumlar geyinməyə hazırlaşır…

“Şura höküməti” hər 3-5 aydan bir yığışıb maşının “lyuk”unu açır, “salon”u havalandırır, 5 ildir konfrans əvəzi iclaslar keçirə-keçirə komandanı UEFA-nın yeni konfrans liqasına hazırlayır. Qəzaya uğramış maşında yerə tökülmüş “şuruplar”, “ölüxana”da qırılmış “podyomniklər” axtarılır…

Prezident/vitse-prezident/direktorlar nasaz maşının yaxşı yeriməsi üçün “yeyilmiş təkərlər”i dəyişmək haqda ustalıq edir. Dərk edilmir ki, elə sütun -təkərlər özləridir. Hər dəfə rəqiblərin ağır “abqonlarından” sonra “yük maşınları”nın arxasında gizlənməklə maşın yeriməz…

Təsisçilər hər dəfə onlayn rejimdə nasaz maşının “elektronika”sını, “beyni”ni yoxlayır, xarab olmuş “pravadalar”ı, “zapçastlar”ı axtarır. “Beyinlər” isə özləridir – özləri olmalıdır. Maşının “kompüter” sistemi yerində olmalı, dolaşmamalı, vaxtında müəyyən edib “uqar” basmış “sveçalar”ı dəyişməlidir…

Klubun xüsusi “diaqnostika mərkəzi” isə xarab “detal” axtarır. Gətirdikləri “audi” əvəzi “zaporojets”ı qaralayıblar. Baxmayaraq ki, gələn gündən heç velosiped də olmayacağını bildirmişdik. “Zapı” da elə-belə “zapı” deyil, maşının “sanremo” “siqnalizasiyasına” bir barmaq “like” qoyasan, feyziyab olub gedə…

Komanda qalıb bir tərəfdə, qırmızı işıqforda maşını kim(lər) “sürüb-çapıb”, xarab edib davası gedir. Günahkar “şofer” axtarılır. “İmportnu” “zapı”nı “inomarka” qiymətinə kluba sırıyanlar yeni planlar cızır. “Kapot”u açıb “yağ”ını da dəyişə bilmirlər…

Palçıqda yaşıl işıq nədir, şüşələrin lilindən “şüşəsilənlər” də çatdırmır, “baçok”da su da tükənib, heç “svetafor”un neytral sarısı da görünmür artıq… 8 cərgəli birtərəfli rahat futbol yollarında, Sumqayıt-Bakı “probka”sında ilişib qalınıb…

Görünən, artıq “motor”un neçə ildir “stuk” etməsidir. Ayrılan pullarla isə komandanı “optovoy” “ferrarilər”ə, “maseratilər”ə, “audilər”ə çevirmək olardı. Elə “San Siro”da “doqquzluğ”a vurulan “ox” kimi. Bunun üçünsə maşını düzəldən əsl ustalar gərəkdir…

Nasaz maşında futboldan da böyük dərd var imiş, milli dərd. Qanı bir, canı bir legioner, doğma təbrizlimiz, doğma paytaxtımızda, doğma dilimizdə danışacaq, “stuk” eləmiş “motorxanada” “zapı”yla 3 mərtəbəli tərcüməylə üzləşəcək…

Düşmənlər “Tobol”da saz maşının yetirməsi Emil Balayevi şaxtalı yollarda “tupik”ə salıb, nasaz maşındakılar heç olmasa, mənəvi, milli adına yetirməsinə sahib çıxmır, yumşaq oturacaqlarda qara “plyonka” arxasından gözləri görmür…

“Maşınsazi”ni də vaxtilə çalışdırmış Böyükağa Hacıyev yaxşı demişdi: “Neftçi” hazır maşındır, benzinini tök, sür”. Saman çöpündən yapışanlar isə saz maşını heç “traktor” kimi də sürə bilmədilər. “Maşın bakı” deşilib, “zapravkalar”da ancaq “personalnı” maşınların bakları dolur…

Təlim-məşq toplanışlarında məğlubiyyətlər ola bilər, problem deyil. Problem, nasaz maşını ustalara göstərmək əvəzinə, bəhanələrlə parıltılı, “kraska”lı, “palirovkalı” göstərilməsidir. Autsayder rəqib də Antalyada çempionat oyunu keçirmir… Belədə artıq “benzin” yandırıb niyə qələbə qazanılsın ki..?!

Qələbələr komanda/maşının özünəinamını artırır, “qırmızı”da ilişməmək üçün taktiki “yol qaydaları”, “perevallar”ın keçilməsi mənimsənilir. Xətlərarası “porşinlər” yağlanır, yerindən “farsaj”la hücumların kəsəri, “tormoz”la müdafiənin möhkəmliyi, avtomat “karobka”sı tənzimlənir. Yeri gələndə, mexaniki “lider-korobka” da oyunu öz üzərinə götürür… Yaddan çıxarılır ki, qarşında maşın sistemini mükəmməl bilən ağdamlılar dayanıb. Maşına baxan kimi, “zamok”u açan kimi, rəngindən tutmuş əyləc sisteminə kimi necə işlədiyini əzbər bilirlər. Onları qabaqlamaq üçün maşının sazdan da saz olması vacibdir…

“Neftçi” böyük klubdur! İllərdir “Neftçi” adlı maşın sübut edir ki, klubu “qapazaltı” etmək istəyənlər, sonda özləri qapazaltı olub yola salınır. Flaqman zarafatı, lağ-lağını sevməz, yaşına, nüfuzuna uyğun ağsaqqallıq, ağırlılıq, əməldə söz sahibliyi, adına layiq uğurları olmalıdır…

Saz maşına gətirilən “zapılar” günahkar deyil, günahkar(lar) onları kluba sırıyan, “zapı”nın motorunun arxada olmasını bilməyən naşı “ustalar”dır. “Boks”larda əsaslı “remont”a ehtiyac var. Motoru arxada olan “zapılar”la isə ancaq müdafiədə oturub, “tırıllaya-tırıllaya” 4 qapının hamısını taybatay açıq saxlamaq olar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button