“Neftçi” 200-ə, Abasov 50-yə çatdı

“Neftçi” Azərbaycan çempionatlarında 400-cü səfər oyununu keçirib. Bu, Premyer Liqanın 15-ci turuna təsadüf edib. 1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçılarının duelində “ağ-qaralar” “Qarabağ”ın qonağı olub.  

Komanda.az xəbər verir ki, 2:1 hesabı ilə qalib gələn bakılılar rəqib meydanında 200-cü qələbəsini qazanıb. Paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur. “Neftçi” səfərdəki digər qarşılaşmalarda 87 heç-heçə edib və 113 dəfə uduzub.

“Qarabağ” üzərində qələbə Samir Abasov üçün də əlamətdar olub. 43 yaşlı mütəxəssis karyerasında 50-ci qələbəsini qazanıb. Bu, mütəxəssisin 141-ci sınağına təsadüf edib. Onun rəhbərliyi altında “Sumqayıt” 96 oyunda 33, “Zirə” 37 matçda 12, “Neftçi” 8 görüşdə 5 dəfə qalib gəlib. Bunlardan 44-ü Premyer Liqa, 6-sı Azərbaycan kubokunda qeydə alınıb.