“Fərid Qayıbovun mərkəzin açılışında iştirakı məsuliyyətimizi birə-beş artırıb”

Bir müddət öncə Mehdiabad qəsəbəsində gənclər və idman naziri Fərid Qayıbovun iştirakı ilə “Mehdiabad Boks Mərkəzi”nin açılışı oldu. Mərkəzdə Respublika Kompleks İdman Məktəbi (RKİM) və Cənub Boks Klubu fəaliyyət göstərir.

Son yeniliklər barədə məlumat almaq üçün mərkəzin rəhbəri, əməkdar məşqçi Samir Həsənovla əlaqə saxladıq. Həsənovun Komanda.az saytına açıqlaması belə oldu:

“Gənclərin sağlam ruhda yetişməsi, idmanın kütləviləşməsi və peşəkar idmançılar üçün yaradılan şərait ölkəmizdə idmanın inkişafına böyük töhfə verir. Bu istiqamətdə həyata keçirdiyimiz məqsədyönlü fəaliyyət biz məşqçilər üçün də böyük stimul və motivasiya mənbəyidir. Nazir Fərid Qayıbovun mərkəzimizin açılışında iştirakı, gənclərə və idmançılara tövsiyələri, onlara verdiyi xeyir-duaları məsuliyyətimizi birə-beş artırıb. Az müddətdə müraciət edənlərin sayı çoxalıb, yeniyetmə və gənclərin boksa olan həvəsi xeyli yüksəlib.

Təsəvvür edin ki, hazırda vaxt məhdudiyyəti ilə qarşılaşırıq. Bu, çox yaxşıdır. Say çoxaldıqca, gələcəkdə bayrağımızı yüksəklərə qaldıracaq idmançıların da çox olacağı labüddür. Mərkəzin adından cənab nazir Fərid Qayıbova minnətdarlığımızı bildirir, onun tapşırıq və tövsiyələrini layiqincə, şərəflə yerinə yetirəcəyimizə söz veririk”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button